Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə (“Azadlıq” meydanının altında) ikimərtəbəli yeraltı avtomobil dayanacağındakı parkinq qiymətləri məlum olub.
AZXEBER.COM-un verdiyi xəbərə görə, bu barədə məlumatı avtodayanacaq əməkdaşları verib.
Hal-hazırda burada parkinq qiymətləri aşağıdakı kimidir: 0-2 saat- 1 manat; 2-5 saat – 2 manat; 5-12 saat – 3 manat 12-24 saat – 6 manat; Yeraltı avtodayanacaqda ümumilikdə 2000 parkinq yeri mövcuddur. Beləliklə də, buradakı qiymətlər “Park Bulvar” ticarət mərkəzinin parkinq qiymətlərindən daha ucuz müəyyən edilib. Yeraltı avtodayanacaqda parkinq ərazisində siqaret çəkilməsinin, “klakson” səs siqnalları verilməsinin və maşınların köndələn park edilməsinin qadağan olması ilə bağlı lövhələr quraşdırılıb. Xatırladaq ki, sözügedən avtodayanacaq oktyabrın 14-də istifadəyə verilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dayanacaqda yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, yeraltı avtomobil dayanacağı ən müasir avadanlıq və sistemlərlə təchiz olunub. Burada dünyanın ən son texniki nailiyyətlərindən olan havalandırma, yanğın və təhlükəsizlik sistemləri müasir standartlara uyğun şəkildə tətbiq edilib. Təhlükəsizliyin təmin edilməsi məqsədilə hər mərtəbədə təhlükəsizlik kameraları və müşahidə monitorları quraşdırılıb. Dayanacaqda avtomobillər üçün iki giriş və iki çıxış var. Piyadalar üçün isə 6 keçid inşa olunub. Keçidlərdə bütün iqlim şəraitində işləyən müasir eskalatorlar quraşdırılıb. Dayanacaqda bütün sistemlər avtomatik olaraq fəaliyyət göstərir. Dayanacağın giriş və çıxışlarında su tutumları, müasir tələblərə cavab verən drenaj sistemləri, yağıntının normadan artıq olması nəzərə alınaraq əlavə su nasosları quraşdırılıb. Burada işçilər üçün xüsusi otaqlar yaradılıb. Dövlətimizin başçısı yeraltı avtomobil dayanacağında yaradılan şəraitdən razılığını bildirib.





