“Azadlıq” qəzetinin əməkdaşı Natiq Adilov informasiya sorğusuna cavab vermədiyinə görə, Bakı Dövlət Universitetini məhkəməyə verib. Bu haqda AZXEBER.COM-a Media İnstitutundan məlumat verilib.
Təhsilə ayrılan vəsaitlərin xərclənmə durumu ilə bağlı araşdırma aparan Natiq Adilov gərəkli bilgiləri BDU və Maliyyə Nazirliyinin saytlarından əldə edə bilmədiyindən həmin qurumlara informasiya sorğusu göndərib. Jurnalist 2011-ci ildə dövlət büdcəsindən BDU-ya ayrılan vəsaitlər, həmin ildə ödənişli əsaslarla təhsil alan tələbələrin sayı, ödənişli təhsildən BDU-nun hesabına daxil olan vəsaitlər haqqında bilgiləri və BDU-nun 2011-ci ildə Maliyyə Nazirliyinə təqdim etdiyi maliyyə hesabatının surətinin ona təqdim olunmasını xahiş edib. BDU-nun 2011-ci il üzrə maliyyə hesabatının surəti həm də Maliyyə Nazirliyindən istənilib. BDU və Maliyyə Nazirliyi jurnalistin sorğularını cavablandırmayıblar.
BDU və Maliyyə Nazirliyinin hərəkətsizliyindən məhkəməyə şikayət edilib. Jurnalistə Media Hüququ İnstitutunun vəkilləri hüquq yardımı göstərir. MHİ-nin məlumatına görə, jurnalistin şikayətləri icraata qəbul edilib. Natiq Adilovun BDU-ya qarşı şikayətinə mayın 16-da Yasamal, Maliyyə Nazirliyinə qarşı şikayətinə isə mayın 29-da Nəsimi rayon Məhkəməsində baxılacaq.