Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir - WUF-13-dən gözləntilər nədir?

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir - WUF-13-dən gözləntilər nədir?
MEDIA
15:13 15.05.2026
377
17–22 may 2026-cı il tarixlərində Bakı dünyanın diqqət mərkəzində olacaq. Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu şəhərsalma tədbirlərindən biri olan WUF13 (Ümumdünya Şəhərsalma Forumu) Azərbaycanda keçiriləcək. Bu mötəbər forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçı Bakıya toplaşacaq, şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və ekoloji həllər müzakirə olunacaq.

WUF13 layihəsində ekoloji dayanıqlılıq əsas prioritetlərdən biridir. Layihə ərazisində yaşıllıq zonalarının artırılması, enerji səmərəli sistemlərin tətbiqi və təbii resurslardan qənaətlə istifadə nəzərdə tutulur. 

Binalarda müasir izolyasiya materiallarından istifadə enerji itkisinin qarşısını alır, bu da həm ətraf mühitin qorunmasına, həm də sakinlərin kommunal xərclərinin azalmasına şərait yaradır.

Layihədə yağış sularının toplanaraq texniki məqsədlər üçün istifadəsi, tullantıların çeşidlənməsi üçün xüsusi sahələrin yaradılması və ekoloji təmiz materiallardan istifadə kimi həllər də nəzərdə tutulur. 

Həmçinin piyada və velosiped yollarının təşkili, yaşıllıq sahələrinin genişləndirilməsi şəhər mühitində karbon emissiyalarının azaldılmasına töhfə verir.

Milli Məclisin deputatı Fatma Yıldırım AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu forum Azərbaycanın artıq qlobal səviyyədə etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir:

"WUF13-ün Azərbaycanda keçirilməsi ölkəmiz üçün həm beynəlxalq nüfuz, həm iqtisadi imkanlar, həm də şəhərsalma sahəsində təcrübə mübadiləsi baxımından çox böyük əhəmiyyət daşıyır. Bu forum Azərbaycanın artıq qlobal səviyyədə etibarlı və mühüm tərəfdaş kimi qəbul olunduğunu göstərir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən müasir şəhərsalma layihələri, "ağıllı şəhər” və "ağıllı kənd” konsepsiyaları dünya üçün də maraqlı nümunədir. WUF13 çərçivəsində Azərbaycanın bu təcrübəni beynəlxalq ictimaiyyətə təqdim etməsi çox vacibdir”.


Deputat vurğulayıb ki, WUF13 yeni investisiyal baxımından mühüm imkanlar yaradacaq:

"Bu forum yeni investisiyaların cəlb olunması, beynəlxalq tərəfdaşlıqların genişlənməsi, şəhərsalma və infrastruktur sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi baxımından mühüm imkanlar yaradacaq. Hesab edirəm ki, bu forum  dayanıqlı inkişaf, ekologiya, innovasiya və gələcəyin şəhərləri ilə bağlı qlobal platformadır. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi dövlətimizin artan beynəlxalq rolunun və inkişaf siyasətinin göstəricisidir”.

Memar, inşaat məsələləri üzrə ekspert Muxtar Ərturan AZXEBER.COM-a açıqlamasında deyib ki, WUF13 Azərbaycan üçün gələcəyin şəhər modelini göstərmək imkanıdır:

"WUF13 Azərbaycan üçün yalnız beynəlxalq tədbir deyil, gələcəyin şəhər modelini göstərmək imkanıdır. WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün adi beynəlxalq tədbir deyil. Bu, ölkəmizin şəhərsalma, memarlıq, urbanizasiya və dayanıqlı inkişaf sahəsində dünyaya öz baxışını təqdim etməsi üçün ciddi platformadır. Ümumdünya Şəhərsalma Forumu dünyada urbanizasiya ilə bağlı ən mühüm müzakirə məkanlarından biridir. Bu forumda yalnız binalar, yollar və infrastruktur müzakirə olunmur; şəhərlərin gələcəyi, insanın yaşayış keyfiyyəti, mənzil siyasəti, ekologiya, nəqliyyat, sosial ədalət və texnologiyanın şəhər həyatına təsiri kimi məsələlər gündəmə gəlir. Bakı üçün bu forumun xüsusi mənası var. Çünki Bakı həm tarixi şəhərdir, həm neft sənayesi ilə formalaşmış modern urbanizasiya təcrübəsinə malikdir, həm də son illərdə böyük transformasiya yaşayan paytaxtdır. İçərişəhərdən müasir memarlıq nümunələrinə, Xəzər sahilindən yeni yaşayış massivlərinə qədər Bakı çoxqatlı şəhər kimliyinə malikdir”.


Ekspert qeyd edib ki, WUF13 Azərbaycanın beynəlxalq urbanizasiya xəritəsində mövqeyini gücləndirəcək:

"WUF13 Azərbaycanın beynəlxalq urbanizasiya xəritəsində mövqeyini gücləndirəcək. Forum BMT sistemi, UN-Habitat, beynəlxalq ekspertlər, dövlət qurumları, memarlar, urbanistlər, investorlar və şəhərsalma mütəxəssislərini Bakıda bir araya gətirəcək. Bu isə ölkəmiz üçün bilik, təcrübə və əməkdaşlıq baxımından böyük imkandır. İkincisi, forum Azərbaycanın şəhərsalma sahəsində gördüyü işləri dünyaya təqdim etməsinə imkan yaradacaq. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq layihələri, "ağıllı şəhər” və "ağıllı kənd” yanaşmaları, yeni infrastruktur və yaşayış məntəqələrinin qurulması beynəlxalq auditoriya üçün maraqlı təcrübə ola bilər. Üçüncüsü, WUF-13 daxili baxımdan da faydalıdır. Çünki belə tədbirlər şəhərsalma sahəsində sualları daha kəskin gündəmə gətirir. Biz yalnız "nə tikirik?” sualını yox, "necə şəhər qururuq?” sualını verməliyik. Bu çox vacib fərqdir. Azərbaycanda növbəti mərhələdə şəhərsalmanın əsas meyarı tikinti həcmi yox, şəhər mühitinin keyfiyyəti olmalıdır. Səs izolyasiyası, enerji səmərəliliyi, yanğın təhlükəsizliyi, yaşıllıq, ictimai məkanlar, piyada rahatlığı, əlçatanlıq və mühəndis sistemlərinin keyfiyyəti əsas göstəriciyə çevrilməlidir. Dördüncüsü, WUF13 gənc memarlar, urbanistlər və mühəndislər üçün ciddi motivasiya yaradacaq. Azərbaycan memarlığı qlobal müzakirələrə daha aktiv qoşulmalı, yalnız lokal tikinti bazarı ilə məhdudlaşmamalıdır. Hesab edirəm ki, gələcəyin şəhəri yalnız beton və şüşədən ibarət olmayacaq. Gələcəyin şəhəri data, ekoloji dayanıqlılıq, süni intellekt, ağıllı infrastruktur, sosial ədalət və insan davranışı üzərində qurulacaq”.

O qeyd edib ki, ətraf mühitin mühafizəsi şəhərsalmanın mərkəzi prinsipidir:

"Ətraf mühitin mühafizəsi şəhərsalmanın kənar mövzusu deyil, onun mərkəzi prinsipidir. Bakı kimi iqlim baxımından küləkli və yay aylarında isti şəhərdə ekoloji yanaşma sadəcə park salmaqla məhdudlaşmamalıdır. Burada daha sistemli düşüncə lazımdır: şəhər necə nəfəs alır, küçələr nə qədər kölgəlidir, binalar hava axınına necə təsir edir, asfalt və beton səthlər istiliyi necə artırır, yaşıllıq hansı ərazilərdə çatışmır, sahil xətti insanlara nə qədər açıqdır? Ətraf mühitin qorunması üçün ilk addım yaşıl infrastrukturun genişləndirilməsi olmalıdır. Parklar, yaşıl dəhlizlər, ağaclandırılmış küçələr, həyət yaşıllığı və mikroməkanlar şəhərin iqlim dayanıqlığını artırır. Yaşıllıq dekorasiya deyil; o, temperaturu tənzimləyir, havanın keyfiyyətini yaxşılaşdırır, səs-küyü azaldır və insanın psixoloji rahatlığına təsir edir. İkinci vacib addım binaların enerji səmərəliliyidir. Yeni tikililərdə istilik izolyasiyası, günəşdən qorunma, təbii havalandırma, enerji qənaətli mühəndis sistemləri və su resurslarından səmərəli istifadə əsas standartlardan birinə çevrilməlidir. Əgər bina yayda həddindən artıq qızır, qışda istiliyi saxlamırsa və çox enerji sərf edirsə, bu artıq yalnız memarlıq problemi deyil, ekoloji və iqtisadi problemdir. Üçüncü istiqamət nəqliyyat və piyada mühitidir. Şəhərdə ekoloji yükü azaltmaq üçün ictimai nəqliyyat, piyada yolları, velosiped və mikromobillik infrastrukturu daha rahat və təhlükəsiz olmalıdır. İnsan hər yerə avtomobillə getməyə məcbur qalmamalıdır. Bu, həm havanın çirklənməsini, həm tıxacları, həm də şəhər stresini azaldır. Dördüncü məsələ Xəzər sahili və su ekosisteminin qorunmasıdır. Bakı dəniz şəhəridir. Sahilboyu ərazilər yalnız kommersiya obyektləri ilə yüklənməməli, ictimai, yaşıl və piyada yönümlü məkanlar kimi inkişaf etdirilməlidir. Dənizlə şəhər arasında fiziki və vizual əlaqə gücləndirilməlidir. Beşinci addım isə tikinti prosesində ekoloji nəzarətin gücləndirilməsidir. Tikinti tullantılarının idarə olunması, tozlanma, səs-küy, ağır texnikanın təsiri, torpaq və yaşıllıq örtüyünün qorunması layihənin ayrılmaz hissəsi olmalıdır. Bakı gələcəkdə yalnız gözəl görünən şəhər yox, ekoloji cəhətdən düşünülmüş, iqlimə uyğunlaşan və insan sağlamlığını qoruyan şəhər olmalıdır. WUF13 də bu istiqamətdə ciddi başlanğıc nöqtəsi ola bilər”.

Yazı Medianın İnkişafı Agentliyinin "ekologiya və ətraf mühitin mühafizəsi”mövzusunda dərc edilib. 

Şahanə Ziyad
 

 


OXŞAR XƏBƏRLƏR