Azərbaycan Almaniyanın "Der Spiegel” nəşrinin Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adını hallandırmasına etiraz edib.
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycan xüsusi xidmət orqanları və diplomatik kanallarla həm Almaniya Kanslerinin ofisinə, həm də Almaniya XİN-ə bununla bağlı öz etirazını bildirib.
Qeyd edək ki, Almaniyanın "Der Spiegel” nəşri mənbələrə istinadən Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaqda Azərbaycanın adını hallandırıb. Nəşr iddia ki, August Hanning 1998-2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri olarkən Azərbaycanın xeyrinə casusluq edib, müəyyən məxfi hesabatlar hazırlayaraq, Azərbaycan tərəfinə verib.
Əlavə edək ki, Media və Yayım Şurası da məsələ ilə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd olunur ki, Almaniyanın "Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra "Reuters", "AFP”, "France 24”, "The Times”, "The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.











































