“Atlas” Araşdırmalar Mərkəzi ATƏT-in Minsk Qrupunun fəaliyyətə başlamasının (Minsk Qrupu 24 mart 1992-ci ildə ATƏT-in Nazirlər Şurasının Helsinki toplantısında təsis olunub) 20 illiyi ilə əlaqədar müxtəlif yaş və sosial qruplardan olan 500 respondent arasında sorğu keçirib. AZXEBER.COM-un məlumatına görə, sorğunun ilk “ATƏT-in Minsk Qrupunun 20 illik fəaliyyətini necə qiymətləndirirsiniz” sualına respondentlərin cəmi 12% müsbət cavab verib, 88% isə Minsk Qrupunun fəaliyyətindən narazı qaldığını bildirib. “Minsk Qrupunun 3 həmsədr dövlətindən hansının dəyişdirilməsinə ehtiyac var” sualına sorğuda iştirak edənlərin 18%-i ABŞ-ın, 27% isə Rusiyanın dəyişdirilməsini istəyib. Respondentlərin daha çox dəyişdirilməsini zəruri saydıqları ölkə isə Fransadır - 55%. “Hansı dövlətin və ya qurumun həmsədrlərin sırasına qatılmasına ehtiyac var” sualına cavabda bu nəticə alınıb: Türkiyənin qatılmasını istəyənlər 78%, Avropa Birliyi 12% və Almaniya 10%. “Rusiyanın son 3 ildə münaqişənin həllində təkbaşına vasitəçiliyini necə qiymətləndirirsiniz” sualına respondentlərin 77% Rusiyanın vasitəçiliyini mənfi, yalnız 23% müsbət qiymətləndirib. Rusiya mövzusunun davamı kimi “Yeni prezidenti Vladimir Putin münaqişənin ədalətli həllini sürətləndirmək üçün fəaliyyət göstərəcəkmi” sualına respondentlərin mütləq əksəriyyəti - 85% mənfi cavab verib, yalnız 15% əksini düşündüyünü deyib. Respondentlərin sorğunun son sualı olan “Münaqişənin ədalətli həllini hansı amil sürətləndirə bilər” sualına verdikləri cavablar belədir: Azərbaycan güc tətbiq etməlidir - 28%, Ermənistan “Genişləndirilmiş Madrid Planı”nı qəbul etməlidir - 18%, Rusiya Ermənistana təzyiq etməlidir - 54%). Sorğunun nəticələrini şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan vətəndaşlarının əksəriyyəti Minsk Qrupunun fəaliyyətindən narazı olduğunu və bu qurumun münaqişənin nizamlanmasında real nəticə əldə edəcəyinə inamının qalmadığını bildirib.