Azərbaycan Gənclərinin I Liderlik Forumu uğurla davam edir - FOTOLAR

GƏNCLİK
18:21 10.09.2012
1947

Gəncədə Ramada Hoteldə 9 sentyabr tarixində keçirilən Azərbaycan Gənclərinin I Liderlik Forumunun 3-cü günündə panellər üzrə növbəti müzakirələr baş tutub. “Gənclər siyasəti, siyasətçi gənclər və ya gənclər siyasətdə” mövzusunda keçirilən paneldə millət vəkili Ceyhun Osmanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və Azərbaycan Demokratik Maarifçilik partiyasının sədri Elşən Musayev iştirak edib.

İlk çıxış edən millət vəkili Ceyhun Osmanlı Azərbaycanda gənclər siyasətinin uğurlarından söz açaraq, ölkəmizdə özünü ifadə etmək istəyən hər bir gəncə bütün imkanların yaradıldığını vurğulayıb. O bildirib ki, Azərbaycan gənclər sahəsində reallaşdırdığı bir sıra layihələrə görə nəinki region, hətta bir sıra Avropa ölkələriylə müqayisədə öndədir. Millət vəkili gənclərin suallarına cavab verərkən onları maraqlandıran və narahat edən bir sıra məqamlara toxunub.

Daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Gəncədə baş tutan forumun yüksək əhəmiyyətini qeyd edərək foruma seçilən gənclərin intellektual səviyyəsindən razılıq edib. O bildirib ki, gənclər məqsədlərinə çatmaq üçün səbrlə və davamlı şəkildə çalışmalıdırlar.

Ardınca Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev və “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov da çıxış edərək siyasətin mənfi və müsbət cəhətlərindən danışıb. Onlar gənclərə siyasətin nə qədər çətin və məsuliyyəətl iş olduğunu deyiblər.

Daha sonra forum gənclərin suallarıyla davam edib.

Günün sonunda “Səmimi söhbət” paneli baş tutub. Panelin qonağı “M Group Production”nın rəhbəri Murad Dadaşov olub. Olduqca səmimi mühitdə keçən söhbət zamanı Murad Dadaşov həyatının maraqlı məqamlarını gənclərlə bölüşüb. Murad Dadaşov gəncləri maraqlandıran sualları cavablandırıb və onlara uğurlar arzu edib.

Qeyd edək ki, “2012-ci il Azərbaycan Gənclər Paytaxtı” olan Gəncə şəhəri Ramada Hoteldə Azərbaycan Gənclərinin I Liderlik Forumu Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi və “İRƏLİ” İctimai Birliyininin birgə təşkilatçılığı ilə həyata keçirilir və 11 sentyabr tarixinə qədər davam edəcək.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR