Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibətilə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan Könüllüləri arasında "Dəmir yumruq” intellektual liqası keçirilib.
Gənclər Fondundan AZXEBER.COM-a bildiriblər ki, hər bir azərbaycanlı üçün əlamətdar olan bu gündə bir araya gələn 70 könüllü Azərbaycan gəncinin hərb meydanında olduğu kimi, zehin yarışmasında da nəyə qadir olduqlarını nümayiş ediblər.
Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv təşkilatlar arasında keçirilən oyun iki mərhələdən ibarət olub. "Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışda 36 sual səsləndirilib və gənclərin bilikləri, dünyagörüşü səviyyələri sınağa çəkilib. Sonda seçim turlarının nəticələrinə əsasən ən yüksək xal toplayan komandalar arasında yarımfinal və final mərhələləri keçirilib.
Suallardan daha çoxuna düzgün cavab verən ilk üç komanda - AFFA və Avro 2020 Könüllülər Proqramı, Gənc Könüllülər İctimai Birliyi və Turizm Könüllüləri İctimai Birliyi qalib olub.
Qalib komandalar diplom, medal və hədiyyələrlə ilə təltif edilib.
Azərbaycan könüllüləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edir, qarşıda bizi gözləyən yeni zəfərlərə doğru birlikdə addımlamaqdan qürur duyduqlarını bildirirlər.