Bazar günü Bakıda intellektual oyunlar üzrə "Xəzər kuboku" ("Caspian Cup") beynəlxalq turniri başa çatıb. AZXEBER.COM-un məlumatına görə, "Breyn-rinq" üzrə yarışlarda Bakının SlonVUdave komandası birinci yeri tutub. Pentium komandası (Suxumi, Gürcüstan) "Xəmsə" milli intellektual oyununun qalibi olub. NMTT komandasının oyunçusu Aleksandr Korobeynikov isə "Fərdi oyun"da birinci olub. "Nə? Harada? Nə zaman?" üzrə turnirdə NMTT komandası (Daşkənd, Özbəkistan) birinci yeri, PRST komandası (Tel-Əviv, İsrail) ikinci yeri, üçüncü yeri isə Everest komandası (Bakı) tutub. Bütün dörd oyun üzrə ümumi hesabda birinci yeri Bakının SlonVUdave komandası tutub. "Xəzər kuboku" martın 23-də start götürüb. Turnir Gənclər və İdman Nazirliyi və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən təşkil olunub. Yarışda Gürcüstandan, Rusiya Federasiyasından, Ukraynadan, Qazaxstandan, İsraildən, Özbəkistandan, Türkmənistandan və Azərbaycandan 40-a yaxın komanda iştirak edib.