Azərbaycan teatrının canlı korifeyi, görkəmli sənətkar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti, Şöhrət ordenli Firəngiz Şərifzadənin 88 yaşı tamam olub.
Teatrın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bu münasibətlə teatrın bir qrup əməkdaşı onu ziyarət edərək, doğum gün münasibətilə təbrik ediblər. Azərbaycan teatrının görkəmli magiqantı–Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində dünyaya gələn kiçik Firəngizin böyük səhnəyə ilk debütü hələ 3 yaşı olarkən baş tutub.
Daha sonralar onun ifa etdiyi müxtəlif tamaşalardakı maraqlı, rəngarəng obrazlar qalereyası sənətkarı xalqın sevimlisinə çevirdi. Dolğun xarakterlər və yaradıcılıq çoxşaxəliliyi ilə seçilən aktrisa oynadığı rollarlatamaşaçıların yaddaşında silinməz izlər qoyub. İstedadı, geniş yaradıcılıq potensilı, hər obraza xüsusi yanaşma tərzi, canlandırdığı obrazı özününküləşdirmək bacarığına malik aktrisa "Mənim nəğməkar bibim" (Əkrəm Əylisli), "Söhrab və Rüstəm" (İskəndər Coşğun), "Anacan" (Yusif Əzimzadə), "Keçən ilin son gecəsi" (Anar), "Sən nə üçün yaşayırsan?" (İmran Qasımov, Həsən Seyidbəyli), "Rübailər aləmində" (Məmmədhüseyn Təhmasib), "Yazığam, sevmə məni" (Əkrəm Əylisli), "Şəhidlər" (Bəxtiyar Vahabzadə), "Mahmud və Məryəm" (Elçin), "Ağ Dəvə" (Elçin), "Nənənin kələyi" (Əhməd Orucoğlu) və digər tamaşalarda ən incə mətləbləri belə tamaşaçıya çatdırmaq kimi vacib detalları məharətlə açmaq qabiliyyətinə malik olmuş sənətkar təbrikə gəlmiş həmkarları ilə Azərbaycan teatrının şanlı keçmişindən söhbət açaraq, onun sabahına da böyük ümid bəslədiyini qeyd edib.