Azərbaycan və Böyük Britaniya təhsil, elm, innovasiya və süni intellekt sahələrində əməkdaşlığı genişləndirəcəklər.
AZXEBER.COM xəbər verir ki, bu barədə iki dövlət arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamədə qeyd olunub.
Vurğulanıb ki, hər iki dövlət təhsilin, elmin, tədqiqatın və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın vacib amilləri, eləcə də müasir, rəqabətə davamlı və inklüziv iqtisadiyyatların təməli olduğunu qəbul ediblər.
"Onlar artan əmək bazarı və idarəetmə ehtiyaclarına cavab olaraq, ali təhsil, peşə təhsili və təlim, rəqəmsal və texniki bacarıqlar, eləcə də icraedici və dövlət sektorunda təlim də daxil olmaqla, təhsil və bacarıqların inkişafı sahəsində əməkdaşlığı dərinləşdirəcəklər.
İştirakçılar, bacarıqların inkişafı, şəffaflıq və inklüziv artıma diqqət yetirərək, süni intellekt, rəqəmsal idarəetmə və innovasiya mühiti üzrə təcrübə mübadiləsi vasitəsilə də rəqəmsallaşdırma, inkişafda olan texnologiyalar və həyat elmləri sahələrində əməkdaşlıq edən universitetlər, tədqiqat institutları və sənayeləri arasında tərəfdaşlıq da daxil olmaqla, tədqiqat, innovasiya və texnoloji əməkdaşlığı təşviq edəcəklər.
İştirakçılar iki vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlaşmanı, mədəni əlaqələri və uzunmüddətli əməkdaşlığı təşviq edən insanlararası mübadilələri və peşəkar şəbəkələri həvəsləndirəcəklər", - deyə bəyannamədə qeyd olunub.











































