Azərbaycan və Gürcüstan gəncləri qan verdi

GƏNCLİK
01:26 18.10.2011
1688

Bu gün  Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi ilə əlaqədar gənclər mütəşəkkil olaraq qanvermə aksiyası keçirdilər. Qanvermə aksiyası ümumi olaraq, "Yaşamağım üçün qan verərsən ?" şüarı altında irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün təmənnasız olaraq təşkil olunmuşdu.

Saat 12:00-dan 17:00-a qədər davam edən qanvermə aksiyasına 12:00 da “Kanal 13” işçi kollektivi, daha sonra isə 14:00-da Dalğa Gənclər Hərəkatı üzvləri ilə “Səndən ötrü can verməyə cümlə hazırız...” şüarı ilə qoşuldular.

Tibbi müayinələrdən keçən insanlardan yalnız sağlamlıq məhdudiyyəti olmayanlar donor ola bildilər. Qanvermə prosesinə Mərkəzi Qan Bankının əməkdaşları ilə bərabər təşkilatçılar da ciddi nəzarət edirdi.

Toplanan qanlar yaxın günlər ərzində irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində təmənnasız istifadə olunacaqdır.

Qeyd edək ki, qanvermə aksiyası “Qan Donorları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı altında, gənclərin təşəbbüsü ilə keçirilib. Qanvermə aksiyası Bakı ilə yanaşı qonşu Gürcüstan Respublikasında da keçirilib. Marneuli Gənclər Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, həmin gün qanvermə aksiyasına 100-ə yaxın gənc qoşulub. Bununla bərabər tərəflər yaxın müddət ərzində səhiyyə sahəsində bir çox müştərək layihələrin həyata keçirilməsini qərara alıblar.

OXŞAR XƏBƏRLƏR