Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının federal təhsil və peşə hazırlığı dövlət naziri Vaciha Qəmər ilə görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, görüşdə nazir müavini Hidayət Abullayev Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın sosial sahədə əlaqələrin də genişləndirilməsi üçün mühüm imkanlar yaratdığını bildirib.
Tərəflər əmək miqrasiyası, məşğulluq, peşə hazırlığı və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Həmçinin iki ölkənin aidiyyəti qurumları arasında peşə hazırlığı sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.
Vaciha Qəmər peşə hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin inkişafı üçün geniş potensialın olduğunu bildirib. O, bu istiqamətdə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.











































