Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH

Azərbaycan və Özbəkistanın dostluğu, qardaşlığı dünyaya nümunədir - ŞƏRH
MEDIA
20:54 21.08.2026
341
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Dövlət başçısı müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı vəziyyəti, iqtisadi-ticari əməkdaşlıq, mədəni-humanitar əlaqələr, nəqliyyat və enerji layihələri, eləcə də Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq barədə danışıb.

İlham Əliyev bildirib ki, iki ölkə arasında münasibətlər son illərdə sürətlə inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəlib. O, siyasi dialoqun yüksək səviyyədə olduğunu, iqtisadi və investisiya əməkdaşlığının genişləndiyini vurğulayıb. Prezident həmçinin qeyd edib ki, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 795 milyon dollar təşkil edib. Bundan əlavə, nəqliyyat, enerji, sənaye və investisiya sahələrində bir sıra birgə layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.

Müsahibədə mədəni-humanitar əməkdaşlığa da xüsusi yer ayrılıb. Azərbaycan və Özbəkistan arasında mədəniyyət günləri, təhsil layihələri, media və QHT forumları, eləcə də qardaşlaşmış şəhərlər üzrə əməkdaşlığın genişləndirildiyi bildirilib.

İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin də son illərdə yeni məzmun qazandığını qeyd edərək, ölkənin regional əməkdaşlıq formatlarında fəal iştirakının əhəmiyyətini vurğulayıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında deyib ki, Prezident müsahibədə Özbəkistanla Azərbaycan arasında inkişafın xüsusi dinamikasına toxunub:

 "Azərbaycan Prezidenti müsahibədə Özbəkistan-Azərbaycan münasibətlərini şərtləndirən ortaq dil, tarix, ortaq mədəniyyət kimi məsələlərə diqqət çəkərək, iki ölkə arasında münasibətlərin dərin tarixi əsaslara söykəndiyini bildirib. O, son dövrlərdə Özbəkistanla Azərbaycan arasında inkişafın xüsusi dinamikasına toxunub.  2024-2025-ci illərdə Özbəkistan-Azərbaycan arasında imzalanmış bir sıra sənədlərin, o cümlədən "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" kimi sənədlərə toxunulması ölkələrarası əlaqələrin yüksək səviyyədə olmağına nümünədir. Bununla yanaşı, 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura iki ölkə arasında sosial, iqtisadı, nəqliyyat və kommunikasiya sahəsində münasibətlərin yeni inkişaf mərhələsində olması deməkdir”.


O qeyd edib ki, iki ölkə arasında əlaqələrin əsas hissələrindən biri də enerji sahəsidir:

"2025-ci ildə iki ölkə arasında razılaşma əldə olunmuşdu ki, Özbəkistan-Azərbaycan arasında ticarət dövriyyəsi 2030-cu ilə qədər 1 milyard dollara yüksəlsin. Azərbaycan Prezidenti artıq qeyd edib ki, bu göstərici 789 milyon, yəni 800 milyon dollara yaxın səviyyəyə çatıb. İki ölkə arasında əlaqələrin əsas hissələrindən biri də enerji sahəsidir. Hazırda Azərbaycanın enerji şirkətləri Özbəkistanda birgə layihələr həyata keçirirlər. Azərbaycan yaratdığı son reallıqlardan sonra Özbəkistan üçün də Avropaya açılan bir qapıdır. Azərbaycan Özbəkistandan Avropaya yükdaşımalar üçün yeni imkanlar yaradır. Bu isə qardaş ölkə ilə nəqliyyat və logistika daha da dərinləşməsini zəruri edir”.

Parlamentari vurğulayıb ki, Azərbaycanın müxtəlif şəhər və rayonları ilə Özbəkistanın müxtəlif şəhər və rayonları arasında qardaşlıq əlaqələri yaradılır: 

"İlham Əliyev Özbəkistan-Azərbaycan mədəni əlaqələrinə toxunaraq, ali təhsil, film, turizm sahəsində böyük prespektivlərin olduğunu vurğuladı. Azərbaycanın müxtəlif şəhər və rayonları ilə Özbəkistanın müxtəlif şəhər və rayonları arasında qardaşlıq əlaqələri yaradılır. Yəni, bu münasibətlər daha real, funksional alətlərə çevrilir.
Azərbaycan Prezidentinin toxunduğu digər məsələ Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqdır. Bu isə Azərbaycan Prezidentinin vaxtilə səsləndirdiyi "Bizim ailəmiz Türk dünyasıdır, çünki başqa ailəmiz yoxdur” fikrinin Özbəkistana münasibətdə də yeni nəticələrə və yeni perspektivlərə gətirib çıxaracağının göstəricisi kimi qiymətləndirilməlidir. Bütün bunlar ortaq sərmayə məsələlərindən tutmuş tikinti şirkətlərinə və beynəlxalq təşkilatlarda əməkdaşlığa qədər böyük sahəni əhatə edən mühüm istiqamətlərdir”.

Milli Məclisin deputatı Vüqar Bayramov AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan və Özbəkistan arasında strateji və iqtisadi münasibətlər son illərdə daha da dərinləşməkdədir:

 "Azərbaycan və Özbəkistan arasında strateji və iqtisadi münasibətlər son illərdə daha da dərinləşməkdədir. Nəzərə alsaq ki, ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, eyni zamanda iki ölkə arasındakı həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq praktik olaraq Azərbaycan və Özbəkistan arasındakı iqtisadi münasibətlərə, eləcə də ticarət dövriyyəsinə birbaşa təsir göstərib. 2020-ci ildə Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsi 178 milyon dollar olmuş olsa da, bu rəqəm 2024-cü ildə 252 milyon dollara, 2025-ci ildə isə 795 milyon dollara qədər yüksəlib. Yəni, praktik olaraq rəqəmlər ondan xəbər verir ki, sözsüz, 2025-ci ildə Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsində ciddi artımlar müşahidə olunub. İki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu genişlənib və praktik olaraq bu münasibətlərin kifayət qədər yüksək strateji səviyyədə inkişaf etdiyini bir daha təsdiq edir”.


Deputat qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşı Özbəkistandır: 

"Eyni zamanda, nəzərə alsaq ki, Azərbaycanın Mərkəzi Asiyada ən böyük ticarət tərəfdaşı, eləcə də Türk Dövlətləri Təşkilatında Türkiyədən sonra ikinci ən böyük ticarət tərəfdaşı Özbəkistandır. Bütün bunlar münasibətlərin inkişaf etməsinin həm də iqtisadi baxımdan qarşılıqlı faydalanma imkanı yaratdığını göstərir. Birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlər və eyni zamanda, xüsusən də iki ölkə rəhbərləri arasında olan dostluq və səmimi münasibətlər növbəti mərhələdə də Azərbaycan-Özbəkistan əlaqələrinin daha da dərinləşməsinə imkan yaradacaq. Bu, ondan xəbər verir ki, biz qarşıdakı dövrdə Özbəkistan-Azərbaycan arasında yalnız ticarət dövriyyəsində artımlar deyil, eyni zamanda iqtisadi münasibətlərin daha da dərinləşməsini müşahid edəcəyik”.

Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda dərc edilib. 

 


Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR