Azərbaycan Yazıçılar Birliyinin 9 mənzili 36 yazıçı arasında bölüşdürüləcək
Bütün Xəbərlər
17:11 11.04.2012
1079
Azərbaycan Yazıçılar Birliyinin (AYB) 9 mənzili 36 yazıçı arasında bölüşdürüləcək. Bu barədə APA-ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bildirib. Onun sözlərinə görə, AYB-yə 2004-cü ildən “Abidə” firmasının Bakının Zərgərpalan küçəsində tikdiyi 120 mənzildən ibarət binasında 9 mənzil verilib: “Azərbaycan Yazıçılar Birliyinin mənzil siyahısında 40-dan artıq adamın adi var. Mənzil verilməsi 36 nəfərə şamil edilib. Bu qərarın birlik rəhbərliyinə aidiyyatı yoxdur. Yazıçılar Birliyinin nəzdində bununla bağlı komissiya yaradılıb. Komissiyanın sədri Birliyinin həmkarlar təşkilatının sədri Füruzə Məmmədlidir. Komissiyanın qərarı ilə mənzilə ehtiyacı olan yazıçıların hər birinin istəyinin ödənilməsi qərara alınıb”. 9 mənzilin 36 yazıçı arasında necə bölünəcəyinə gəlincə, Ə. Əsgəroğlu bildirib ki, sözügedən bina şəhərin mərkəzində yerləşdiyindən ordakı mənzillər yaxşı qiymətə satıla bilər: “Mənzillərin ümumi həcmi 945 kvadrat metrdir. Qərara əsasən, 1 mənzil 4 nəfər arasında bölünəcək. Həmin pula onlar şəhərin başqa yerlərində özlərinə ev ala bilərlər. Mənzillərdən birini ancaq bir adamın alması, heç kimlə bölməməsi mümkün deyil. Çünki digər mənzilə ehtiyacı olanların da balaları var”.