Azərbaycan zənginləri niyə 'Forbes'ə düşmür?

İQTİSADİYYAT
22:44 03.03.2015
2902
Bir neçə gün öncə ABŞ-ın biznes xəbərləri üzrə ixtisaslaşan məşhur “Forbes” jurnalı dünyanın ən zəngin 1826 milyarderinin siyahısın dərc etdi. Siyahıda dünyanın 70-dən artıq ölkəsinin vətəndaşı yer almışdı. Regionumuzdakı ölkələrdən Rusiya, Gürcüstan və Türkiyə bizmesmenləri “Forbes”in tərtib etdiyi dünya reytinqində yer alsa da, Azərbaycanın zənginləri siyahıda təmsil olunmayıblar. Doğrudur, sözügedən siyahıya 3 azərbaycanlı milyarder Vahid Ələkbərov (12,2 milyard dollar), Araz Ağalarov (1,9 milyard dollar) və Fərhad Əhmədovun (1,4 milyard) adı düşüb, amma onlar biznes imperiyalarını qurduqları və vətəndaşı olduqları Rusiya Federasiyasını təmsil ediblər.
AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, iqtisadi göstəriciləri Azərbaycandan qat-qat aşağı olan və daha çox azərbaycanlı biznesmenlərin yatırımları hesabına maliyyə sektorunda sabitlik yarada bilmiş Gürcüstan belə, 1 nəfərlə də olsa, “Forbes”in siyahısına düşə bilib.
Bəs Azərbaycanı təmsil edən zənginləri “Forbes”in reytinq siyahısında niyə görə bilmirik? Dorudanmı Azərbaycanda adı həmin siyahıya düşən gürcü biznesmen Bidzina İvanişvili qədər var-dövlətə sahib iş adamları, oliqarxlar yoxdur?
Yəqin ki, bu suala əminliklə “yoxdur” cavabını versək, səhv etmiş olarıq. Heç kimə sirr deyil ki, neft ölkəsi olan Azərbaycanda kifayət qədər var-dövlətə sahib olan zənginlər az deyil.
Ekspertlər bildiriblər ki, “Forbes” jurnalı adətən açıq mənbələrdən əldə etdiyi məlumatlar hesabına, biznesmenlərin müvafiq qurumlara təqdim etdikləri gəlir və əmlak bəyannamələri, ödədikləri vergilər və s. əsasında bu və ya digər iş adamının varidatını hesablayır. Onların sözlərinə görə, Azərbaycanda gəlir bəyannamələri və kommersiya sirlərinə qarşı tətbiq edilən məhdudlaşdırıcı qanunlar jurnala Azərbaycandakı milyarder və milyonerlərin sayını, kimliyini müəyyən etməyə imkan vermir.
Amma istənilən halda “Forbes” jurnalı bilməsə də, Azərbaycan vətəndaşları ölkədə milyarderlər, ya da milyonerlər kastasının mövcud olduğnu yaxşı bilir. Cəmiyyət yəqin ki, onların kimliyini tam çılpaqlığı ilə gəlir və əmlak bəyannamələri, ödənilən vergilərlə bağlı məlumatlar ictimaiyyətə açıqlananda, bu sahədə şəffaflıq təmin olunanda öyrənə biləcək.

OXŞAR XƏBƏRLƏR