Azərbaycanda hər il mart ayından sonra havaların tədricən istiləşməsi, təbiətin canlanması və ağacların çiçək açması müşahidə olunsa da, bu il fərqli hava şəraiti diqqət çəkir. Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür, temperaturun tez-tez dəyişməsi və yağıntılı günlərin artması yaz fəslinə xas sabit axını pozub. Mütəxəssislər bu dəyişkənliyin iqlim dəyişmələri ilə bağlı ola biləcəyini bildirirlər.
Ekoloq Qorxmaz İbrahimli AZXEBER.COM-a açıqlamasında deyib ki, hazırda Kür çayının daşması ilə bağlı narahatlıqlar var:
"Hazırda Azərbaycanın yerləşdiyi mülayim subtropik iqlim qurşağında yaz fəslidir, yay deyil. Biz sadəcə iqlim dəyişiklikləri fonunda bəzi illərdə yağıntının çox, bəzi illərdə isə az olmasını müşahidə edirik. İnsanlar bəzən bunu unudurlar və ya bir il yağıntı çox olanda narahatlıq yaranır.
Məsələn, 2010-cu ildə Kür çayı daşmışdı. Hazırda da müəyyən narahatlıq doğuran vəziyyətlər var, lakin Kürün həmin səviyyədə daşacağını gözləmirəm. Su səviyyəsi müəyyən həddə qədər yüksəlib, amma 2010-cu ildəki kimi kritik vəziyyət deyil”.
Ekoloq qeyd edib ki, yay fəsli bir az gecikə bilər:
"Hazırda bahar fəslidir, bir çox bölgələrdə ağaclar çiçək açıb və bu, mövsümə uyğundur. Ümid edirəm ki, mart ayında baş verən soyuqlar meyvə ağaclarının çiçəklənməsinə ciddi zərər vurmayıb. Yay fəsli bir az gecikə bilər. Bu ilki yağıntılar nəticəsində dağlarımızda və meşələrimizdə su ehtiyatı formalaşacaq. Hələlik ciddi bir problem yoxdur. Ən böyük problem insanın təbiətə münasibətidir-təbiəti sevməmək və ona laqeyd yanaşmaq. Bizdə təbiətə sevgi və mədəni münasibət hələ də tam formalaşmayıb”.
O deyib ki, may ayında da bir qədər yağıntı gözlənilir:
"May ayında da bir qədər yağıntı gözlənilir, lakin hava getdikcə isinəcək. Artıq yay fəslinə doğru keçidi daha aydın hiss edəcəyik. Aprel ayı da kifayət qədər yağıntılı keçdi. Bəzi dağlıq və dağətəyi ərazilərdə qar da müşahidə olundu. Aşağı ərazilərdə isə istilikdən sonra hava soyudu və bəzi yerlərdə dolu yağdı, lakin ciddi bir problem olmadı”.
Şahanə Ziyad











































