Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?

Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
SOSİAL
00:53 02.11.2026
128
Son vaxtlar sosial şəbəkələrin Azərbaycan seqmentində diqqətçəkən yeni tendensiya formalaşıb. Valideynlər azyaşlı qızlarının saçını canlı yayımlar zamanı kəsərək satışa çıxarırlar. Bir neçə dəqiqə ərzində gəlir əldə etmək məqsədi daşıyan bu videolar sosial şəbəkələrdə sürətlə yayılsa da, məsələ təkcə saç alqı-satqısı ilə məhdudlaşmır. Azyaşlıların bu cür kommersiya prosesinə cəlb edilməsi uşaq hüquqları, psixoloji sağlamlıq, şəxsi toxunulmazlıq və valideyn məsuliyyəti baxımından ciddi suallar yaradır. Bəs azyaşlıların saçının satılması qanunidirmi? Bu bazarda qiymətlər necə müəyyənləşdirilir və uşaqların prosesə cəlb olunması hansı riskləri yaradır?

AZXEBER.COM mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Ən azı 45 santimetr uzunluğunda saç qəbul edilir"

Saç alıcısı Aynurə Məmmədovanın sözlərinə görə, hazırda bazarda alqı-satqı üçün ən azı 45 santimetr uzunluğunda saç qəbul edilir. Ən çox tələbat isə uşaq saçlarına yönəlib. Bunun səbəbi həmin saçların kimyəvi emala məruz qalmaması, yəni boyanma, keratin və digər prosedurlardan keçirilməməsidir.

"Qiymətlər saçın uzunluğu, çəkisi və keyfiyyətinə görə müəyyənləşdirilir. Standart keyfiyyətli, 45 santimetr uzunluğunda saçın 100 qramı təxminən 50 manata alınır. Məsələn, 50 santimetr uzunluğunda, 105 qram çəkisi olan saç üçün 80 manat, 60 santimetrlik 100 qram saç üçün isə 100 manat təklif edilir. Çox gur, ucları küt və yüksək keyfiyyətli 60 santimetrlik saçların qiyməti 250-300 manatdır. Daha uzun saçlar üçün isə alıcılar 100 qramına 120, 160, hətta 170 manata qədər ödəniş etməyə hazır olduqlarını bildirirlər.

Toplanan təbii saçlardan sonradan qaynaq saç və parik hazırlanmasında istifadə olunur. Lakin hazır məhsulun satış qiyməti artıq xammalı alan şəxslər tərəfindən müəyyən edilmir", - deyə o bildirib.

A.Məmmədovanın sözlərinə görə, hazır məhsulun qiyməti saçı toxuyan ustanın əməyindən, istifadə olunan materiallardan və hazırlanma prosesindən asılı olaraq formalaşır.

Qanunvericilik nə deyir?

Hüquqşünas Vüsal Cəfərovun sözlərinə görə, Azərbaycan qanunvericiliyində insan saçının alqı-satqısını qadağan edən və ya bu fəaliyyəti xüsusi icazə rejiminə bağlayan ayrıca norma mövcud deyil. Yetkin şəxsin öz saçını könüllü şəkildə kəsərək satması hüquqazidd hesab olunmur.

"Lakin söhbət azyaşlılardan getdikdə məsələyə yalnız alqı-satqı münasibəti kimi yanaşmaq mümkün deyil. Bu halda uşağın bədən toxunulmazlığı, şəxsi həyatı, ləyaqəti, fikrinin nəzərə alınması və görüntülərinin kommersiya məqsədilə yayılması kimi hüquqi məsələlər ön plana çıxır. Valideyn uşağın qanuni nümayəndəsi olsa da, bu, ona uşağın bədəni və şəxsi həyatı ilə bağlı qeyri-məhdud qərarvermə hüququ vermir. Ailə Məcəlləsinə əsasən, valideynlik hüquqları uşağın mənafeyinə zidd həyata keçirilə bilməz", - deyə hüquqşünas bildirib.

V.Cəfərov qeyd edib ki, bu baxımdan, uşağın saçının satılması yalnız müəyyən şərtlər daxilində hüquqa uyğun hesab edilə bilər. Saçın kəsilməsi uşağın sağlamlığına zərər vurmamalı, uşaq buna məcbur edilməməli, yaşına və inkişaf səviyyəsinə uyğun olaraq onun fikri öyrənilməli, etirazı nəzərə alınmalıdır.

"Eyni zamanda, proses uşağın alçaldılması və ya ictimai nümayiş obyektinə çevrilməsi ilə müşayiət olunmamalı, əldə edilən gəlir də onun maraqlarına xidmət etməlidir. Əgər uşaq, xüsusilə baş verənləri dərk edə biləcək yaşdadırsa, açıq şəkildə etiraz etməsinə baxmayaraq, saçı zorla kəsilir və bu proses sosial şəbəkələrdə canlı yayımlanırsa, bu, artıq uşağın ləyaqəti, şəxsi həyatı və psixoloji toxunulmazlığı baxımından ciddi hüquqi problem yaradır", - deyə o vurğulayıb.

"Uşağın psixoloji sağlamlığı üçün ciddi risklər yarada bilər"

Psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərovanın sözlərinə görə, sosial şəbəkələrdə azyaşlı qızların saçlarının canlı yayımlar zamanı kəsilərək satılması ilk baxışdan gəlir mənbəyi kimi görünsə də, bu, uşaqların psixoloji sağlamlığı üçün ciddi risklər yarada bilər.

"Travmatik hadisələr təkcə yaddaşda deyil, bədənin yaddaşında da iz buraxır. Uşaq yaşananları sözlə ifadə edə bilməsə də, kameranın qarşısında olmağın yaratdığı gərginlik, qayçının səsi, yad insanların baxışları və etiraz edə bilməməyin doğurduğu çarəsizlik hissi onun psixikasında dərin iz qoya bilər.

Travmanın əsas səbəbi saçın kəsilməsi deyil, uşağın öz bədəni üzərində nəzarəti itirdiyini hiss etməsidir. Canlı yayım zamanı uşaq həm etiraz edə bilmir, həm də minlərlə izləyicinin qarşısında olduğu üçün bu hiss utanc və ictimai ifşa ilə daha da ağırlaşır. Belə vəziyyətlərdə yaranan bədən reaksiyaları sonradan özünə inamsızlıq və özünəqapanma kimi davranışlara çevrilə bilər.

Bu cür təcrübələr uşağın gələcək şəxsiyyətinin formalaşmasına da təsir edir. Üstəlik, internetdə yayılan videolar uzun illər silinmədiyi üçün uşaq gələcəkdə həmin görüntülərlə yenidən qarşılaşdıqda ikinci dəfə psixoloji gərginlik yaşaya bilər. Saç yenidən uzansa da, uşağın öz bədəninə və valideyninə olan etibarını bərpa etmək bəzən daha uzun zaman tələb edir", - deyə psixoloq bildirib.

Yayılan bəzi görüntülər ciddi suallar yaradır

"Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova isə hesab edir ki, saçın kəsilməsi uşağın ləyaqətini alçaltmırsa, kommersiya istismarına səbəb olmursa və ona psixoloji zərər vurmursa, bu, qanun pozuntusu hesab edilmir.

"Bununla belə, sosial şəbəkələrdə yayılan bəzi görüntülər bu meyarların pozula biləcəyi ilə bağlı ciddi suallar yaradır. Ən böyük narahatlıq doğuran məqamlardan biri azyaşlıların canlı yayımlarda saçlarının kəsilməsi və onların emosiyalarının izləyici toplamaq, gəlir əldə etmək məqsədilə nümayiş etdirilməsidir. Valideyn uşağın qanuni nümayəndəsi olsa da, bu, ona uşağın şəxsi həyatını və görüntülərini qeyri-məhdud şəkildə ictimailəşdirmək hüququ vermir", - deyə o bildirib.

K.Aşumovanın sözlərinə görə, valideyn tərəfindən qəbul edilən hər bir qərar ilk növbədə uşağın fiziki, psixoloji və sosial rifahına xidmət etməlidir.
OXŞAR XƏBƏRLƏR