“Uşağın dodağında qanama, bədənində göyərmələr var”- Nənə döyülməyə görə pul təklif olunduğunu deyir - VİDEO

“Uşağın dodağında qanama, bədənində göyərmələr var”- Nənə döyülməyə görə pul təklif olunduğunu deyir - VİDEO
SOSİAL
23:53 01.11.2026
127
2 yaşlı uşağın bağçada döyüldüyü iddia edilir. Nənə nəvəsini bağçaya sağlam göndərdiklərini, evə qayıtdıqdan sonra isə dodağında qanama, bədənində göyərmələr gördüklərini deyir.

AZXEBER.COM Xezerxeber.az-a istindən xəbər verir ki, uşağın ana nənəsi Zəminə Vəliyevanın sözlərinə görə, hadisə oktyabrın 28-də Mərdəkandakı "İnci" körpələr evi-uşaq bağçasında baş verib.

O iddia edir ki, uşağın anası həmin gün övladını bağçadan götürərək evə gətirib. Ailə üzvləri də izləri bundan sonra müşahidə ediblər.

Zəminə Vəliyeva həmin izlərin bağçada uşağa qarşı zorakılıq nəticəsində yarandığını iddia edir. Ailənin şübhəsi ikinci növbədə çalışan tərbiyəçi-müəllimlə bağlıdır. Nənə nəvəsinin günün birinci yarısında vəziyyətinin normal olduğunu bildirir.

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün sözügedən bağçaya getdik. İş günü olmadığından müəssisədə heç kim yox idi. Adı çəkilən tərbiyəçi-müəllimlə telefon vasitəsilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Bu səbəbdən onun iddiaya münasibətini öyrənə bilmədik.

Bağçanın müdiri Rəvanə Ağayeva ilə isə telefonla danışdıq. O, istirahət günü olduğunu bildirdi. Bununla belə, qeyd etdi ki, məsələdən Xəzər Rayon Polis İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumatlıdır, araşdırma aparılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, "İnci" körpələr-evi uşaq bağçasında uşağa qarşı davranışla əlaqədar araşdırma aparılacaq. Araşdırmanın nəticələrinə müvafiq olaraq qanunauyğun tədbirlərin görülməsi təmin ediləcək. O da qeyd edilib ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirdi ki, Xəzər rayonunda yerləşən tədris mərkəzlərindən birində azyaşlının tərbiyəçi tərəfindən zorakı hərəkətlərə məruz qalması ilə bağlı ərazi polis orqanına vətəndaş müraciəti daxil olub. Həm valideynin, həm də tərbiyəçinin ərizə və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib. Hazırda təhqiqat araşdırması davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR