Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün 11:00 radələrində şəhərin Soltan Şıxalıyev küçəsində Dəmiryol stansiyasının yaxınlığında baş verib.
Şəhər sakini, 16 yaşlı Məhərrəmova Aynur Vüqar qızı hündür qülləyə çıxaraq intihar edəcəyini bildirib. Dərhal hadisə yerinə Kürdəmir Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. İntihar etmək istəyən şəxslə psixoloji söhbətlər aparılıb və o, fikrindən daşınıb.
A. Məhərrəmova intihara cəhd etməsini ailəsində yaranmış problemlə əlaqələndirib. Belə ki, A. Məhərrəmovanın atası dünyasını dəyişdikdən sonra anası ikinci dəfə ailə qurub. Qız isə nənəsi ilə yaşadığından ailədə söz-söhbət yaranıb, o da bu addımı atmağa qərar verib.
Faktla bağlı araşdırma aparılır.
Baş vermiş hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir şəhərində, 16 yaşlı qızın hündürlüyü 35 metr olan işıqlandırma qülləsinə çıxaraq özünü aşağı atmaq niyyətində olduğunu müəyyən etdirməsi barədə məlumat daxil olub.
Yanğınsöndürən-xilasedicilər vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısı alınıb.//APA