2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik müavinətin 1500 manata çatacağı proqnozlaşdırılır.
Bu barədə Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi müzakirə olunarkən məlumat verilib.
2026-cı ildə bu müavinətin məbləği 600 manat olub. Proqnoza əsasən, gələn il ödəniş 900 manat artacaq.
Üç yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən ödənişin də 37 manat 58 qəpikdən 100 manata yüksələcəyi proqnozlaşdırılır.
Eyni zamanda 3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində artım nəzərdə tutulur.
Belə ki, üç yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən məbləğ 37.58 manatdan 100 manata qaldırılır.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib ki, 2027-ci ilin dövlət büdcəsində xərclərin 44,25 faizinin sosial yönümlü olması ölkəmizdə sosial siyasətin prioritet istiqamətlərdən biri olduğunu bir daha təsdiqləyir:
"Bu baxımdan, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin də 9,35 faiz artırılmasının nəzərdə tutulması əhalinin sosial müdafiəsinin gücləndirilməsi, müxtəlif müavinət və sosial dəstək tədbirlərinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Gələn ildən 3 yaşınadək uşağa qulluq edən analara verilən aylıq müavinətin 37,58 manatdan 100 manata çatdırılması bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu artım təxminən 2,7 dəfə deməkdir və xüsusilə azyaşlı uşağı olan ailələrin maddi yükünün müəyyən qədər azaldılmasına xidmət edəcək. Çünki uşağın həyatının ilk illəri ailələr üçün həm qayğı, həm də əlavə maliyyə xərclərinin yarandığı dövrdür. Belə bir şəraitdə dövlət dəstəyinin artırılması anaların sosial müdafiəsinin gücləndirilməsi və uşaqların sağlam, təhlükəsiz mühitdə böyüməsinə töhfə verilməsi baxımından əhəmiyyətlidir.
Bununla yanaşı, uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin 600 manatdan 1500 manata çatdırılması da mühüm sosial yenilikdir. Bu, 2,5 dəfə artım deməkdir”.
Deputat qeyd edib ki, yeni doğulmuş uşağın ilkin ehtiyaclarının qarşılanması, ailənin doğuşla əlaqədar yaranan xərclərinin bir hissəsinin kompensasiya edilməsi baxımından bu qərarın xüsusi əhəmiyyəti var:
"Ümumilikdə, sosial müavinətlərin artırılması dövlətin sosial siyasətinin ailə və uşaq rifahına yönəlmiş istiqamətini nümayiş etdirir. Əsas məsələ yalnız müavinətlərin məbləğinin artırılması deyil, eyni zamanda əhalinin həssas qruplarının sosial təminatının davamlı şəkildə gücləndirilməsidir. Bu addımlar ailələrin sosial rifahının yaxşılaşdırılmasına, uşaqların müdafiəsinin gücləndirilməsinə və demoqrafik inkişafın dəstəklənməsinə xidmət edir”.
Aynur Babazadə











































