Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?

Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
SİYASƏT
14:37 05.11.2026
27
Avropa İttifaqı (Aİ) 2027-ci ilin yanvarında Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirləri müzakirə etməyi planlaşdırır. 

Bu barədə Brüsseldə keçirilən brifrinqdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bəyan edib.
Kallas məhdudiyyətlərin Gürcüstan vətəndaşlarının Aİ ölkələrinə vizasız səfərlərinə şamil edilməsi ehtimalının olduğu barədə xəbərdarlıq edib.
"Hazırda bütün variantlar nəzərdən keçirilir”, - o deyib.
Avropa Komissiyasının vitse-prezidenti Gürcüstan hakimiyyətini demokratik prinsiplərdən geri çəkilməkdə ittiham edib. 
Bundan başqa, Avropa Komissiyasının Avropa İttifaqının genişlənməsinə dair noyabrın 4-də qəbul edilmiş illik hesabatında Gürcüstanla bağlı ayrıca xəbərdarlıq yer alıb. Sənəddə Gürcüstan hakimiyyətinin demokratiyanın vəziyyəti və fundamental hüquqların qorunması ilə bağlı Avropa institutlarının iradlarını aradan qaldırmadığı qeyd olunur. 
Hesabatda həmçinin Gürcüstanın Aİ-yə üzvlük prosesinin faktiki olaraq dayandığı, ölkənin üzvlüyə namizəd statusunun "yalnız formal olaraq” qaldığı vurğulanıb.


Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Asif Nərimanlı bildirib ki, Aİ-nin Gürcüstana qarşı tətbiq etmək istədiyi məhdudiyyətlərin arxasında siyasi proses dayanır:

"Halbuki Gürcüstanla Aİ-nin münasibətlərinin tarixinə nəzər saldıqda, bu əlaqələrin kifayət qədər yaxşı olduğunu görmək mümkündür. Hətta Cənubi Qafqazda Avropaya inteqrasiya nümunəsi kimi hər zaman Gürcüstanın adı çəkilib. Avropa İttifaqı regionda əsasən Gürcüstanla sıx münasibətlər qurub və bu ölkə bir növ onun Cənubi Qafqazdakı platforması rolunu oynayıb. Lakin hazırda vəziyyət dəyişib. Bunun əsas səbəbi Gürcüstanın müstəqil xarici siyasət yürütmək strategiyası ilə bağlıdır. Təbii ki, Gürcüstanın məqsədi Qərb mediasının və siyasətçilərinin iddia etdiyi kimi Rusiyaya inteqrasiya etmək deyil. Zaman-zaman Tbilisi Rusiyaya yaxınlaşmaqda ittiham olunub. Halbuki Gürcüstanın öz torpaqları Rusiya tərəfindən işğal edilib. Bu səbəbdən ölkə Rusiya ilə yeni münaqişə yaşamaq, müharibə aparmaq istəmir. Gürcüstan Rusiya ilə iqtisadi əlaqələr qurmağa çalışsa da, torpaqlarının işğalı faktını da unutmur. Qərbdə, xüsusilə Avropada Gürcüstan hökumətini daim Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edirlər. Halbuki hökumətin əsas mövqeyi Avropaya inteqrasiya siyasətindən imtina etmək deyil. Gürcüstan sadəcə xarici siyasətini daha müstəqil şəkildə yürütmək, əvvəlki dövrlərlə müqayisədə daha sərbəst qərarlar qəbul etmək istəyir”.

Politoloq əlavə edib ki, bu proses xüsusilə 2022-ci ildə Ukraynada müharibənin başlamasından sonra gündəmə gəldi:

"Rusiyanın Ukraynaya hücumundan sonra Qərbdə Rusiyaya qarşı yeni cəbhələrin açılması ilə bağlı planlar müzakirə olunmağa başladı. Burada söhbət mütləq hərbi cəbhədən getmirdi. Əsas məqsəd Rusiyaya qarşı sanksiyaların tətbiqi, onun sərhədləri yaxınlığında yerləşən ölkələrin də bu siyasətə qoşulması və nəticədə Rusiyanın siyasi və iqtisadi baxımdan təcrid olunması idi. Gürcüstan isə bu siyasətə qoşulmaqdan imtina etdi. Həmin dövrdə Gürcüstan rəsmiləri, o cümlədən ölkənin keçmiş baş naziri də Rusiyaya qarşı sanksiyalara qoşulmaqla bağlı Tbilisiyə təzyiqlər olduğunu açıq şəkildə dilə gətirmişdilər. Gürcüstan hökuməti hesab edirdi ki, Rusiya ilə iqtisadi əlaqələrin, xüsusilə yerli fermerlərin kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxarılmasının qorunması vacibdir. Rusiyaya qarşı sanksiyalara qoşulmaq isə ilk növbədə Gürcüstan fermerlərinə və vətəndaşlarına zərər vura bilər. Bu səbəbdən hökumət həmin addımdan imtina etdi. Bunun arxasında isə keçmişin acı təcrübəsi dayanır. Belə ki, 2008-ci ildə Rusiya ilə müharibədən sonra Gürcüstan ərazilərinin bir hissəsini itirdi. Gürcüstanda belə bir qənaət formalaşıb ki, həmin prosesdə Qərbin təşviqedici mövqeyinə baxmayaraq, müharibədən sonra ölkəyə praktiki müstəvidə lazımi dəstək göstərilmədi. Buna görə də Gürcüstan hökuməti və cəmiyyətin müəyyən hissəsi Qərbdən verilən vədlərə əvvəlki kimi etibar etmir. Ukrayna müharibəsindən sonra isə Gürcüstan qarşısında daha kəskin seçim tələbi yarandı. Tbilisi bu seçimdə öz xalqının və milli maraqlarının tərəfini tutmağa üstünlük verdi”.

Müsahibimiz vurğulayıb ki, sonrakı mərhələdə Gürcüstan hökuməti daxili siyasətdə də, xüsusilə ölkədəki Qərbyönümlü şəbəkələrin fəaliyyətinə nəzarətlə bağlı addımlar atmağa başladı:

"Bu, təsadüfi deyildi. Çünki Gürcüstan hakimiyyətinin fikrincə, müxtəlif etiraz aksiyaları və parlamentin fəaliyyətini bloklamaq cəhdləri vasitəsilə hökumətin və qanunverici orqanın qərarlarına təsir göstərilməyə çalışılırdı. Buna qarşı müəyyən tədbirlər görüldü. Məqsəd Qərbin təsir imkanlarını məhdudlaşdırmaq və Gürcüstanın öz maraqlarına uyğun müstəqil siyasət yürütməsi üçün manevr imkanlarını genişləndirmək idi. Xarici agentlər haqqında qanunun qəbul edilməsi də məhz bu strategiyanın tərkib hissəsi idi. Söhbət Gürcüstanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dövlət nəzarətinin artırılmasından gedirdi. Gürcüstandakı qeyri-hökumət təşkilatlarının 90 faizdən çoxunun Qərbdən qrant aldığı bildirilir. Gürcüstan hökuməti isə bu maliyyə vəsaitlərinin və həyata keçirilən layihələrin dövlət nəzarətindən kənarda qalmasını öz maraqlarına zidd hesab edirdi. Bundan sonra proses daha da kəskinləşdi. Gürcüstan hökumətinin daxili siyasətdə Qərbin təsir imkanlarını məhdudlaşdırmağa yönəlmiş addımları Avropa İttifaqı ilə münasibətlərdə ciddi gərginliyə səbəb oldu. Nəticədə tərəflər arasında əvvəlki münasibətlər qalmadı. Gürcüstanda keçirilən son seçkilər zamanı da Qərbin seçki prosesinə və nəticələrinə təsir göstərməyə çalışdığı iddia olunurdu. Lakin yekunda hakimiyyət öz mövqeyini qoruyub saxladı. Bundan sonra Gürcüstan daha müstəqil xarici siyasət yürütmək xəttini davam etdirməyə çalışdı. Bu siyasət isə Avropa İttifaqının maraqlarına uyğun deyil. Çünki İttifaq Gürcüstanı uzun müddət Cənubi Qafqazda əsas platforması kimi görüb. Bu platformanın itirilməsi Avropa İttifaqının regiondakı mövqelərinin zəifləməsi deməkdir. Digər tərəfdən, söhbət Orta Dəhliz üzərindəki təsir imkanlarından da gedir. Belə ki, Orta Dəhliz məhz Cənubi Qafqazdan keçir və Avropa İttifaqı Gürcüstan vasitəsilə bu coğrafiyada öz maraqlarını təmin etməyə çalışırdı”.

Asif Nərimanlının sözlərinə görə, son proseslər nəticəsində Avropa İttifaqı Gürcüstandakı mövqelərini itirmək riski ilə üzləşib:

"Buna görə də İttifaqın Gürcüstana qarşı təzyiq siyasəti yürütdüyünü düşünürəm. Hazırda gündəmə gətirilən müxtəlif məhdudiyyətlər də bu məqsədə xidmət edir. Burada əsas hədəf Gürcüstan hökumətinə təzyiq göstərmək və onu geri addım atmağa məcbur etməkdir. Gürcüstan hökuməti geri çəkilmədikdə isə cəmiyyətdə narazılıq yaradacaq addımların atılması gündəmə gələ bilər. Məsələn, vizasız rejimin ləğvi və ya bu istiqamətdə digər məhdudiyyətlərin tətbiqi belə vasitələrdən biri ola bilər. Bu addımların məqsədi ölkə daxilində ictimai narazılıq yaratmaq və həmin narazılıq vasitəsilə Gürcüstan hökumətinə təzyiq göstərməkdir. Hesab edirəm ki, Gürcüstanla Qərb arasında qarşıdurma əvvəllər daha kəskin mərhələyə keçsə də, sonradan müəyyən qədər səngiyib. Lakin bu qarşıdurma başa çatmayıb. Növbəti dövrdə də tərəflər arasında gərginlik müxtəlif formalarda və zaman-zaman davam edəcək”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR