Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
"Belə vətəndaşların pensiya məbləği altı ildən bir artırılır. Bu səbəbdən 2026-cı ildə pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirərək altı illik müddəti tamamlayan şəxslərin pensiyaları topladıqları əlavə pensiya kapitalına uyğun olaraq yenidən hesablanacaq.
Digər pensiyaçılara gəldikdə isə onların pensiyalarının artımı fərqli mexanizm əsasında həyata keçirilir. Əmək pensiyaları hər il orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir.
Beləliklə, 2026-cı ildə altı illik əmək fəaliyyətini tamamlayan işləyən pensiyaçılar üçün nəzərdə tutulan artım fərdi pensiya kapitalının yenidən hesablanması ilə bağlıdır. Digər pensiyaçılar üçün isə növbəti ümumi artım 2026-cı ildə əməkhaqqının artım göstəricisinə əsasən müəyyən ediləcək və 2027-ci ilin yanvarından tətbiq olunacaq.
Bu səbəbdən bütün pensiyaçılara eyni vaxtda və eyni mexanizmlə əlavə artım ediləcəyi fikri düzgün deyil. Artımın növü və vaxtı vətəndaşın pensiya statusundan və əmək fəaliyyətini davam etdirib-etdirməməsindən asılı olacaq".
/Baku.ws











































