Azərbaycanda gizli yollarla edilən ‘abort’lar və klinikaların qazandığı milyonlar - ARAŞDIRMA

Azərbaycanda gizli yollarla edilən ‘abort’lar və klinikaların qazandığı milyonlar -  ARAŞDIRMA
Bütün Xəbərlər
11:29 08.12.2014
9687

Araşdırmamız onu göstərdi ki, gizli – qeydiyyatsız aparılan abortların qiyməti daha bahadır.

Əvvəlki illərlə müqayisədə bu gün abortların edilməsi qaydaları müəyyən qədər sərtləşdirilib. Qanunda müəyyən edilmiş qaydalara görə, artıq ana bətnindəki uşağın cinsinin müəyyən edilməsi və bundan sonra əksər hallarda məhz qız uşağı olduğuna görə, aborta yol verilməsi hallarına qadağalar var.

Biz bu yazıda abort hallarına qoyulan qadağalardan deyil, abortun qiymətinin ümumilikdə neçəyə olmasından söz açacağıq. Abort demək olar ki, bir çox hallarda pasient və tibb mütəxəssisi arasındakı anlaşmadan sonra bəlli olduğu üçün abortun qiymətləri dövlət və özəl tibb ocaqlarında fərqlidir. Məsələn, dövlət tibb müəssisələrində abortların qiyməti ucuzdur. Müxtəlif dövlət xəstəxanalarında isə abortun qiyməti fərqlidir. Çünki qeydiyyatı aparılan abortların qiyməti qeydiyyatı aparılmayan abortların qiymətindən nəzərə çarpacaq dərəcədə bahadır. Burada bəzi prosedurlardan keçid üçün edilən ödəmələr qiymətlərin artıb azalmasına təsir edir. Gələk qeydiyyatsız abortlara. Bəzi tibb işçiləri tərəfindən bir sıra hallarda xəstəxanalarda abortlar gizli yolla aparılır. Yəni, pasientin tibb müəssisəsinə girişi qeydiyyata alınmır, rəsmiləşdirilmir. Bu halda pasientin abort üçün ödədiyi məbləğ bir qədər azalır.

Apardığımız müşahidələr, araşdırmalar göstərir ki, dövlət xəstəxanalarında abortların qiymətləri 50-70 manat məbləğləri arasında dəyişir. Amma qeyd etməliyik ki, xidmətin səviyyəsi özəl klinikalardan fərqli olduğu üçün özəl tibb müəssisələrində abortların qiymətləri bir qədər yüksəkdir. Daha yüksək tibbi xidmət göstərən özəl tibb klinikalarında abortun qiyməti fərqlidir – 90-100 manat məbləğləri arasında dəyişir. Amma tibbi xidmətin nisbətən orta səviyyədə olduğu özəl tibb ocaqlarında abortların qiymətləri 60-70 manat məbləğləri arasında dəyişir.

Qeyd edək ki, əhalisinin əksəriyyəti maddi baxımdan kasıb dolanan kəsimin tələbatlarının hər zaman yüksək standartlar çərçivəsində təmin olunması mümkün olmur. Bu hallarda isə pasientlər tərəfindən əksər müraciətlər dövlət müəssisələrinə edilir və xüsusilə də, daha ucuz variantlar seçilir. Yəni – bir abortun edilməsi əksər hallarda – pasientlə tibb işçisi arasında 30 manata razılaşdırılır. Bu cür tibbi xidmətin səviyyəsi isə göründüyü kimi, digərlərindən aşağı olur və bir çox hallarda risklərə yol açır. Yəni, aşağı səviyyədə olan tibbi xidmət tam olaraq qəbul olunmuş tibbi normalara cavab vermədiyindən vətəndaşın sağlamlığında təhlükələrə yol açır. Bir sıra hallarda isə pasientin səhhətində bir müddət sonra ağır xəstəliklərin, fəsadların yol açmasına gətirib çıxarır.

Artıq tibb müəssisələrində müəyyən olunmuş qaydalara görə, Azərbaycanda abortun həyata keçirilməsinə xüsusi yaradılmış həkimlər konsiliumu qərar verməlidir. Amma tibb ocaqlarında buna əməl olunurmu? Qısaca deyək ki, xeyr.

"Reproduktiv sağlamlığın qorunması haqqında" qanuna təklif olunan maddədə qeyd olunur ki, uşağın 12 həftəliyindən 22-ci həftəliyinə qədər olan dövrdə sosial göstərişlərə görə, abort edilməsi həkim konsiliumunun qərarı ilə həyata keçirilə bilər.

Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın müstəsna hüququdur. Söhbət 12 həftədən 22 həftəyədək sosial göstərişlərə görə, abortun edilməsindən gedir. Misal üçün kasıb ailədir və fikirləşir ki, uşağı saxlaya bilməz və yaxud hamiləlik dövründə uşağın atası vəfat edir, ana uşağı tək böyütməyi çətin hesab edir, digər halda qadın cinsi təcavüzə məruz qalıb və hamilə qaldığını gec bilir. Hazırkı dövrdə aborta qərar verən həkim uşağın valideynləri ilə razılığa gələrək əməliyyatın sosial göstərişlərə görə, olduğu barədə rəy verə bilər. Lakin konsilium olduqda artıq bir neçə həkimin rəyi nəzərə alınmalıdır.

Qeyd edək ki, ümumilikdə Azərbaycanda abortun ümumiyyətlə, qadağan olunmasına nə cəmiyyət hazırdır, nə də buna ciddi sosial göstəriş var. O ölkələr abortu qadağan edir ki, orada demoqrafik proseslər mənfiyə doğru gedir. Bizdə isə hələlik bu yanaşmaya tam olaraq cəmiyyətdə ciddi sosial sifariş olmadığından məsələ bu şəkildə gündəmə gəlmir.

Sözümüzü bu notlarla bitirək ki, abort bəziləri üçün artıq yükdən, əziyyətdən qurtarmaq, xilas olmaq, bəziləri üçün ailə keçimsizliyi üçün atılan məcburi addım, bəziləri üçünsə oğlan övladı dünyaya gətirmək, oğul övladı sahibi olmaq arzusu yolunda dəfələrlə abort stolunda əzab çəkilərək keçilən yoldur.

Günel 

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR