Antivirus proqram təminatlarının istehsalı ilə məşğul olan nüfuzlu "Kasperski" şirkəti haker hücumlarının nisbətinə görə ölkələrin reytinqini açıqlayıb. Hesabata görə bu siyahıda Azərbaycan 3-cü yerdə dayanır. "Internet World Stats" şirkətinin apardığı uçota görə ötən il Azərbaycanda təqribən 4,7 milyon insan müxtəlif müddətlər üçün internetə qoşulub.
Hesabatın nəticələri ilə bağlı AZXEBER.COM-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz problemin həlli üçün yetəri qədər tədbirlər həyata keçirildiyini bildirdi: “Amma hələ ki, kibercinayətkarlığa qarşı mübarizə çox zəifdir”. O.Gündüzün sözlərinə görə bu tip hücumların çoxalmasının səbəbi internetə marağın böyük olması və biznesin internetə inteqrasiyasıdır: “Azərbaycanda internet inkişaf etdikcə, bu sahəyə müəyyən dövlət qurumları, iqtisadi qurumlar, biznes sektoru inteqrasiya etdikcə, bu sahə digər maraqlı qüvvələrin diqqətini cəlb edib. Haker hücumlarına gəlincə isə çox güman ki, müəyyən qüvvələr var ki, Azərbaycana qarşı qeyri-qanuni hərəkətlər etmək istəyirlər. Bu cür hücumları təşkil edən qruplar müəyyən təşkilatların nəzarətləri altında da ola bilər.
Azərbaycanda kibercinəyatkarlıqla mübarizə hələ ki tam təmin olunmayıb. Bu sahədə kifayət qədər boşluq var. Tez-tez eşidirik ki, hər hansı dövlət qrumlarının rəsmi saytlarına hakerlər tərəfindən hücum olunur. Təbii ki, bu, informasiya resurslarının qorunmasının yetəri qədər olmadığından xəbər verir. Bunun üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi elektron təhlükəsizlik mərkəzi var. Lakin bu mərkəz özü də hələ tam formalaşmayıb”.
O. Gündüz onu da əlavə etdi ki, bu sahədə kifayət qədər kadr çatışmamazlığı var. Əgərbuproblemaradanqalxarsa, beləhallarındasayı azalar: “Bu istiqamətdə geriliyin başlıca səbəblərindən biri kadr problemidir. Kadr probleminin aradan qalxması üçün isə həm universitetlərdə, həm də xaricdə bununla bağlı təkmilləşmə işləri aparılmalıdır. Bu istiqamətdə müəyyən tədbirlər görülməsinə baxmayaraq hələ də müəyyən problemlər yaşanmaqdadır”.
Bəs bu cür hücumlara məruz qalmamaq üçün nə etməliyik?
Sualımıza cavab tapmaq üçün media eksperti Ələsgər Məmmədlinin fikirlərini öyrəndik. O, AZXEBER.COM-a açıqlamasında bu gün ən əsas problemin lisenziyasız proqramların satışı olduğunu bildirdi.
“Haker hücumlarının sayının artmasına səbəb lisenziyasız proqramların satışı və onların çox ucuz, hətta bazar qiymətinə uyğun olmamasıdır. Təəssüf olsun ki, Azərbaycanda proqramların lisenziyalı olmasına bir o qədər önəm verilmir ki, bu da haker hücumlarının sayının artmasına səbəb olur. Bu gün müasir komputer proqramlarında kifayət qədər güvənlik tədbirləri var. Amma bizim bazardan ucuz qiymətə, lisenziyasız proqramları almağımız bu cür müdaxilələrə daha çox yol verir. Təəssüf olsun ki, bu cür hadisələrlə mübarizə nəticə vermir, amma biz son dərəcə mübarizə aparmalıyıq və bacardıqca lisenziyalı proqramlardan istifadə etməliyik. Belə olanda biz az pul ödəyib güvəndə olarıq”. Ekspert haker hücumlarınınəsas məqsədinin dövlətlərarası münasibətləri korlamaq olduğunu dedi. “Haker hücumlarına gəlincə isə bu, xüsusi qrumlar tərəfindən idarə olunan bir dəstədir. Xüsusəndə, 2 dövlət arasında vəziyyətləri gərginləşdirmək məqsədi ilə istifadə olunur. Çünki bu hücumların hansı istiqamətdən edildiyini dəqiq bilmək mümkün deyil. Bu cür hal ilə Azərbaycan artıq bir dəfə rastlaşıb. Bildiyiniz kimi, ötən il rəsmi saytların bir çoxuna haker hücumları olmuşdur. Sirr deyil ki, bunun da səbəbi İran Azərbaycan münasibətlərinin korlanması idi”. Ekspertr bu problemlərdən çıxış yolunu yaxşı mütəxəssis yetişdirməkdə gördüyünü bildirdi. “Bu cür hallarla qarşılaşmamaq üçün dövlət orqanları yaxşı əmək haqqı ilə, yaxşı mütəxəssislər yetişdirməlidir. Çünki az əmək haqqı alan mütəxəssis yaxşı gəlir əldə etmək üçün sonradan haker kimi də formalaşa bilər”.
Fatimə İbrahimova