1 Dekabr - QİÇS-lə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı və “İRƏLİ” Tibb Klubunun dəstəyi ilə “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” kampaniyası keçirilir.
AZXEBER.COM-un “İRƏLİ” İctimai Birliyinə istinadən verdiyi xəbərə görə, kampaniya çərçivəsində 22 noyabr tarixində Azərbaycan Dövlət Neft Akademiyasında layihənin açılış mərasimi keçirilib.
Tələbələrə QİÇS haqqında ümümi məlumat verilib, maarifləndirici bukletlər paylanılıb. Daha sonra İnsanın İmmunçatışmazlığı Virusunun müayinə aksiyası baş tutub və aksiyada 300 nəfərə yaxın ADNA tələbəsi ekspress-testdən keçib.Kampaniyanın ikinci günü RQMM həkimləri və “İRƏLİ” Tibb Klubunun üzvləri birgə 28 Mall AVM-də növbəti İİV müayinə aksiyasını keçiriblər və ümumilikdə 450 nəfərə yaxın insan virus yükünün yoxlanılmasında iştirak edib.Növbəti aksiyalar 24 noyabr tarixində Bakı Beynəlxalq Avtovağzal, 25 noyabr Odlar Yurdu Universiteti, 26 noyabr Azərbaycan Dillər Universitetində baş tutub.Qeyd edək ki, “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” kampaniyası hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatının bütün Avropa regionlarında keçirilir. Kampaniya 29 noyabr tarixinə qədər davam edəcək.