Azərbaycanda meyiti tapılan polisin intihar etdiyi açıqlanıb

KRİMİNAL
16:58 18.11.2013
1495
O, müxtəlif cinayətlərdə ittiham olunan şəxslər 1 saylı Ruhi Psixiatriya Xəstəxanadan qaçan zaman orada xidmətdə olub

Bir neçə gün əvvəl Bakıda meyiti tapılan polis əməkdaşı ilə bağlı maraqlı faktlar ortaya çıxıb.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, noyabrın 15-də, Neapol prospekti, 43 ünvanında meyiti tapılan, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənovun özünü binadan ataraq intihar etdiyi məlum olub. İntiharın səbəbləri isə hələlik açıqlanmır.

Məlumatda həmçinin qeyd edilir ki, R. Həsənov Sabunçu rayon mühafizə polisinin əməkdaşıdır. O, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında xidmət aparırmış. Noyabrın 15-də 1 saylı Ruhi Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman R. Həsənov da orada xidmətdə olub.

Hazırda R. Həsənovun özünə qəsd etməsinin səbəbləri araşdırılır.

Qeyd edək ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar.Onların tutulması üçün müvafiq tədbirlər görülür.

OXŞAR XƏBƏRLƏR