Dövlət Məmmədov: “Dünyanın aparıcı ölkələrində enerji içkilərinin satışı qadağan edilsə də, Azərbaycanda bu məhsullar baha qiymətə əhaliyə satılır.
Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov bazarda olan enerji içkilərinin tərkibi haqqında şok açıqlamalar verib.
AZXEBER.COM-un məlumatına görə, qaynar.info-ya danışan İB sədri bildirib ki, enerji içkisi Vyetnamda vuruşan əsgərlərin döyüş ruhunu artırmaq üçün 1960 –cı illərdə Amerika Müdafiə Nazirliyi tərəfindən hazırlanıb: “Sovet Ordusu döyüş qabağı əsgərlərə 100 qram spirt verirdi, Amerikada isə bu kimyəvi içkini verirdilər. Bu içkini içən əsgərlərdə baş ağrısı, ürək ağrısı, qara ciyər ağrısı, sinir sisteminin pozulması, başlarında şişlər əmələ gəlməyə başladı. Bundan sonra ABŞ Müdafiə Nazirliyi bu içkinin əsgərlərə verilməsinə qadağa qoydu”.
Dövlət Məmmədov hazırda Azərbaycan bazarında da bu cür içkilərin kütləvi şəkildə satıldığını deyərək, bunun yalnız pul qazanmaq məqsədilə edildiyini söyləyib: “Hazırda Azərbaycan bazarında “RedBull”, “Yaguar”, “Dinamit”, “Troyka”, “XXİ”, “Revo” və digər adlarda enerji içkiləri satışa çıxarılıb. Təəssüf ki, bu məhsulun əsas alıcıları olan gənclərin gələcək taleyi distribyütor şirkətləri maraqlandırmır. Nəzərə almırlar ki, bu içki gəncləri alkoqola və narkomaniyaya həvəsləndirməyə hesablanıb. Dünyanın aparıcı ölkələrində enerji içkilərinin satışı qadağan edilsə də, Azərbaycanda bu məhsullar baha qiymətə əhaliyə satılır. ABŞ, Fransa, Almaniya, Danimarka, Norveç, Avstraliya, Yeni Zellandiya və digər ölkələrdə bu içkilərin satışına qadağa qoyulub. Yalnız həkim resepti ilə müəyyən xəstələrə apteklərdə satışına icazə verilib. Digər tərəfdən bütün Avropa ölkələrində enerji içkilərinin reklamına qadağa qoyulub. Bütün bunların fonunda isə Azərbaycanda bu məhsullar reklam olunur, onların satışını təşkil etmək üçün müxtəlif kampaniyalar həyata keçirilir. Məhsulun tərkibi də sintetik kofein, aromatizatorlar, konservantlar, dad və rəng verən kimyəvi maddələrlə zəngindir”.
Azərbaycanda da enerji içkilərinə qarşı mübarizənin aparılmasını vacib sayan ekspert müvafiq qurumların, ictimai təşkilatların və mətbuatın bu sahədə passivliyinin ağır nəticələrə gətirib çıxaracağını da söylədiklərinə əlavə etdi.