Ötən gecə Abşeron rayonu ərazisində qeyri-adi yol nəqliyyat hadisəsi baş verib. Bakı-Şamaxı-Yevlax yolunun Hökməli dairəsindən keçən hissəsində qeydə alınmış qəza zamanı paytaxtdan Şamaxı istiqamətində hərəkət edən “Mercedes” sürətlə yolun kənarında dayanmış “VAZ 2115” markalı avtomaşına çırpılıb. Güclü zərbə nəticəsində “Jiquli” dayandığı yerdən xeyli uzağa düşüb və avtomobil ciddi şəkildə deformasiyaya uğrayıb.
Sürücünü isə bu qəzadan kiçik bir təsadüf xilas edib. Hər şeyin sanki bir göz qırpımında baş verdiyini deyən sürücü Asif Kərimov su almaq üçün avtomobildən düşdüyünü deyib: “Şamaxıya gedirdim. Saxladım burda düşdüm dükana ki, su alım. “Mercedes” də o tərəfdən gəldi, qalxdı bardürə, dəydi mənim maşınıma. Sürətlə gəlirdi”.
Abşeron rayon polisi faktla bağlı araşdırmalara başlayıb. Artıq sürücülərin ifadələri də alınıb.