Azərbaycanda teatr direktoru prezidentə müraciət edən işçiləri işdən niyə çıxartdı? - ŞİKAYƏT

Azərbaycanda teatr direktoru prezidentə müraciət edən işçiləri işdən niyə çıxartdı? -  ŞİKAYƏT
Bütün Xəbərlər
12:54 06.02.2014
2691

Mingəçevir Dövlət Dram Teatrında baş verənlər artıq dəfələrlə mətbuat səhifələrdinə öz yerini alsa da, hələ də məsələylə bağlı heç bir tutarlı addım atılmayıb.

Belə ki, bir neçə ay bundan öncə Dövlət Dram Teatrının bir qrup işçisi - ali dərəcəli aktyorlar Ibrahim Salamov və Əsmər Qurbanova, Günel Əhmədova (I dərəcəli aktrisa), Asim Muxtarov (II dərəcəli aktyor) və teatrın nəzdində fəaliyyət göstərən studiyanın üzvü Rizvan Əzimzadə direktor Həsən Həsənovun qanunazidd əməllərinə etiraz əlaməti olaraq dövlət başçısına Ilham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanlayıblar.

Müəlliflər məktubda direktor H.Həsənovun təyinatının ilk günündən teatrı bazara, alver predmetinə, intriqa ocağına çevirməsindən, istedadlı, uzun illərdən bəri teatrın bütün yükünü öz çiyinlərində daşıyan işçilərə qarşı əsl repressiya siyasəti yürütdüyündən bəhs ediblər.

Məktubda o da qeyd olunur ki, məhz H.Həsənovun rəhbərliyi dövründə teatr sənət məbədindən daha çox iyrənc, utancverici olayların beşiyinə çevrilib. Qısa müddət ərzində bütün yaradıcı və texniki heyəti bir-biriylə düşmən edən, insanları bir tikə çörək üçün üz-üzə qoyan direktor teatrı əsl kriminal avtoritetlərə xas üsulla idarə edir. Işçiləri daim işdən qovmaq təhdidi altında saxlayan H.Həsənov “mən belə işləyirəm, gedin kimə, hara istəyirsiniz şikayət edin” deməkdən belə çəkinmir. Aylarla rol verilməyən, ezamiyyət və qonorar haqqından məhrum olan, direktorun təhqirlərinə dözərək qul tək işlədildiklərini qeyd edən müəlliflər ölkə başçısından YUNESKO-nun tarixi abidələr siyahısına salınmış M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrına öz şəxsi biznesi kimi baxan direktoru Həsən Həsənov haqqında ölçü götürülməsini, onun qanunsuz əməllərinə son qoyulmasını xahiş ediblər.

Teatrda intriqalara səbəb də məhz bu müraciətlərdən sonra başlayıb.

AZXBER.COM-a müraciət edən aktyor İbrahim Salamov teatrın direktoru H.Həsənovun müraciətə imza atan aktyorları və aktrisaları bir-bir teatrdan uzaqlaşdırdığını və heç bir əsası olmadan onların teatrdakı fəaliyyətlərinə imkan vermədiyini deyib. Aktyorun sözlərinə görə, işdən qovulan işçilərdən biri məhkəməyə müraciət edib və məhkəmə işçinin hüquqlarının pozulduğunu təsdiqləyib:

“İşdən uzaqlaşdırılan aktrisalardan biri Şəki Məhkəməsinə müraciət etmişdi. Məhkəmə işçinin hüquqlarının pozulduğunu və onun yenidən işə qəbul edilməsini təsdiqləyib. Şəki Apelyasiya Məhkəməsinin 21.01.2014-cü il qərarı da digər məhkəmənin qərarını təsdiqləyib. Ancaq direktor Həsən Həsənov məhkəmənin heç bir qərarına əməl etmək istəmir”.

İ.Salamov onu da bildirdi ki, H.Həsənovun Sumqayıt teatrından gəlmiş 20 ildən artıq səhnə təcrübəsi, saysız-hesabsız mükafatları olan Əsmər Qurbanovanı, həmçinin 2 azyaşlı əlil uşağa qulluq edən, yeganə dolanışıq yeri teatrdan qazandığı cüzi məvacib olan Günel Əhmədovanı tez-tələsik hazırlanmış və çox gülünc bir əmrlə işdən çıxarması anlaşılan deyil: “Direktorun hər iki aktrisaya açıq-aşkar ”məndən şikayət etməyin nə ilə nəticələndiyini sizə göstərərəm" söyləməsi heç bir ölçüyə sığmır. Halbuki bu hadisədən bir neçə gün öncə H.Həsənov “Mədəniyyət” kanalına müsahibəsində peşəkar aktyor qıtlığı məsələsinə toxunarkən Əsmər Qurbanova kimi aktrisanın məhz onun rəhbərlik etdiyi teatrda işləməsindən ağızdolusu, qürurla danışırdı. Yaxud G.Əhmədova. Düz 2 dəfə ölkənin birinci xanımı Mehriban Əliyeva əlil uşaqlara qulluq edən bu qadına təmənnasız yardım göstərib. Ancaq bugün H.Həsənov onu çörəksiz qoyur. Özü də heç bir əsas olmadan".

Sözügedən iddialarla bağlı AZXEBER.COM portalı olaraq Mingəçevir Dövlət Dram Teatrının direktoru Həsən Həsənovla əlaqə saxladıq. H.Həsənov sözügedən iddialarla bağlı açıqlama verib:

“Mənə qarşı iddia səsləndirən İbrahim Salamov səhnəyə içkili halda çıxıb və hər dəfə teatrın ümumi nizam-intizam qaydalarına əməl etməyib. Buna görə də biz onu işdən uzaqlaşdırmışıq. Bunun ardından bizim teatr Salyana qastrol səfərinə yollandı. Həmin səfərdə aktrisa Əsmər Qurbanova ifa edəcəyi roldan imtina edib. O, İbrahim Salamovun yenidən işə qəbul edilməsini məndən tələb etmişdi. Mənsə ona bildirdim ki, hər kəs öz işini görməli və öz işinə qarışmalıdır. O etirazını yenə bildirdikdə isə, mən ona işdən çıxmasını söylədim. Belə də oldu. Qaldıki Şəki Apelyasiya Məhkəməsinin qərarına. Mən məhkəmənin qərarı ilə razı deyiləm. Buna görə də Ali Məhkəməyə müraciət edəcəm”.

Qarşı tərəfin iddialarından da belə aydın olur ki, Mingəçevir Dövlət Dram Teatrında hələ tamaşaçılar və oxucular hazırlanmış tamaşalara deyil, teatrın öz daxilində baş verən və mədəniyyətimizə zərbə olan bu cür intriqalarla daha çox gündəmdə qalacaq.

Məsələyə yenidən qayıdacağıq.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR