Azərbaycanda turizm sektoru geriləyir - İnsanlar niyə istirahət üçün xaricə gedir?

Azərbaycanda turizm sektoru geriləyir - İnsanlar niyə istirahət üçün xaricə gedir?
MEDIA
16:47 29.06.2026
468
Turizm sektoru qeyri-neft sahələrinin əsas istiqamətlərindən biri olsa da, son dövrlərdə bu sahədə müəyyən durğunluqlar müşahidə olunur. Regionlarda kirayə və "afreym” evlərin baha olması və turistlər üçün əlçatanlığın azalması həm yerli, həm də xarici ziyarətçilərin seçimlərinə təsir edir.

Eyni zamanda Bakı–Tbilisi–Qars dəmiryol xəttinin fəaliyyətə başlaması da insanların istirahət üçün Gürcüstana üz tutmasına səbəb olub. 

Rəsmi statistikaya görə, 2026-cı ilin ilk aylarında Azərbaycanda turizm axınında azalma qeydə alınıb. Yanvar-aprel aylarında ölkəyə gələn xarici ziyarətçilərin sayı 658,5 min nəfər olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz aşağı göstəricidir. 

Turizm eksperti Ceyhun Aşurov AZXEBER.COM-a açıqlamasında bildirib ki, Gürcüstanla qatar əlaqəsinin açılması müəyyən qədər daxili turizmə təsir göstərə bilər:

"Regionlarda son dövrlər kirayə evlərin sayı artıb. "Afreym” evlər, otellər və villalar bu sahədə daha çox təklif olunur. Gürcüstanla qatar əlaqəsinin açılması müəyyən qədər daxili turizmə təsir göstərə bilər. Çünki regionlara gedən vətəndaşlarımızın bir qismi əvvəlcədən seçim edərək Gürcüstana səfər edir. 


Gürcüstana qatar biletinin qiyməti müəyyən qədər baha olsa belə, digər xarici ölkələrə səfərlərlə müqayisədə daha ucuz başa gəlir və təyyarə biletindən daha sərfəlidir.

İnsanların bir qisminin yaxın qonşu Gürcüstana səfər etməsi, müəyyən qədər daxili turizmə təsir göstərir”.

Turizm eksperti qeyd edib ki, yerli turizmdə durğunluq müşahidə olunur:

"Ümumiyyətlə, yerli turizmdə durğunluq müşahidə olunur. Rəsmi statistika yanvar-may aylarında 11 faiz geriləməni təsdiqləyib. Hazırda yay mövsümündəyik və turizmin ən pik dövrlərindən biridir. Lakin faktiki olaraq gələn qonaqların, xüsusilə də əcnəbilərin sayında və daxili turizmdə əvvəlki aktivliyi müşahidə edə bilmirik. Bu vəziyyətə regional təsirlər, siyasi-iqtisadi amillər və digər səbəblər təsir göstərir”. 

O bildirib ki, turizm sektorunu düzəltmək üçün alternativ nəqliyyat imkanları artılırmalıdır:

"Azərbaycana daha çox turistin gəlməsi üçün əsas məsələlərdən biri ölkəyə səfərləri daha ucuz və əlverişli etməkdir. Alternativ nəqliyyat imkanlarının artırılması, turistlərin ölkəmizə gəlməsini daha cəlbedici edə bilər. Ona görə də beynəlxalq hava limanlarımız daha səmərəli fəaliyyət göstərməli, beynəlxalq hava daşıyıcı şirkətləri Azərbaycanda işləməkdə maraqlı olmalıdır. Regional beynəlxalq hava limanlarımız vasitəsilə ölkəyə giriş-çıxış imkanları daha əlverişli hala gətirilməlidir. Eyni zamanda, Azərbaycandakı otellərin qiymətləri digər region ölkələri ilə müqayisədə daha münasibdir”.

İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, rayonlarda turizmin səviyyəsinin zəifləməsinin əsas səbəbi insanların xərcləmək imkanlarının azalmasıdır:

"Gürcüstana qatar reyslərinin açılması yerli turizmə ciddi təsir göstərmir. Gündəlik olaraq 118 nəfər qatarla Gürcüstana gedə bilir. Rayonlardakı turizmin səviyyəsinin azalmasının əsas səbəbi insanların xərcləmək imkanlarının azalmasıdır. Yəni real gəlirlər aşağı düşüb. Nominal gəlirlər artsa da, inflyasiya o qədər güclüdür ki, insanların əksəriyyəti gündəlik xərclərini ödəməyə çalışır. Bu isə onların istirahət üçün ayıra biləcəyi vəsaitin azalması deməkdir”.


Şahanə Ziyad
 
Yazı Medianın İnkişafı Agentliyinin "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR