"Təhsil hər bir xalqın, dövlətin inkişafını təmin edən, işıqlı gələcəyini müəyyənləşdirən ən önəmli sahədir. Bu baxımdan, təhsilin dünyəviliyi, müasirliyi ciddi şəkildə təmin olunmalıdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev deyib.
O bildirib ki, Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir:
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir və birinin digərindən fərqlənmədiyini göstərir. Təbii ki, təhsil geyimi haqqında qəbul edilmiş qərar heç kimin dini inancına qarşı atılmış addım kimi qəbul edilməməlidir. Azərbaycan tarixən dinlərin birgə yaşadığı, tolerantlığın, multikultural dəyərlərin qorunduğu ölkələrdən olub. Bu gün də belədir. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda İslamla yanaşı, digər dinlərə də xüsusi hörmət bəslənilir. Təhsil isə hər cür dini, etnik və digər fərqliliklərdən kənarda olan və heç bir təsir təsirə məruz qalmayan sahələrdən biri olmalıdır. Bu dünya təcrübəsində də özünü göstərir. Dünyəvi dövlətlərin hər birində təhsil hər cür yad təsirlərdən kənar saxlanılır və birbaşa dövlətin nəzarətində olur”.
Şahanə Ziyad











































