Azərbaycanda yağışdan sonra göbələk kimi artan prodakşınlar - ARAŞDIRMA

Azərbaycanda yağışdan sonra göbələk kimi artan prodakşınlar -  ARAŞDIRMA
MEDİA
12:36 08.05.2013
2568

Bu gün dünyada kinonun inkişafı əsasən prodüserlərdən asılıdır. Belə ki, onlar həm yaradıcılıq, həm istehsalatla, həm də maliyyə sahəsini özündə birləşdirən şəxslərdir. Bu üzdən bütün dünyada «prodüser kinosu» deyilən bir anlayış formalaşıb. Ancaq hazırda bu anlayışdan xəbərdar olmaya-olmaya bizdə istehsal şirkətlərinin sayı da artmağa başlayıb. Xüsusən ölkəmizdə çəkilən seriallara əlavə vəsaitin ayrılması xəbəri gündəmə gələndən sonra kino çəkən yox, daha doğrusu, kino çəkmək istəyən studiyaların sayı yağışdan sonra göbələk kimi artıb. Düzdür, aralarında peşəkarları da var.Ancaq qeyri-peşəkar prodakşınların sayı, peşəkar prodakşınların sayından qat-qat çoxdur.

Bəs nəyə görə, son bir neçə ildə prodakşınların sayı durmadan artdı?

Müşahidələrimiz onu göstərir ki, bu gün Azərbaycanda televiziya sahəsində ən boş sahələrdən biri və birincisi baxımsız yerli serialların yayımlanmasıdır. Təbii ki, dövlət bunu vaxtında nəzərə alıb, milli serialların çəkilməsi üçün büdcədən müəyyən vəsait ayırdı. Bundan sonra yarış başladı. Telekanallar tərəfindən təkliflər səsləndi, ideyalar irəli sürüldü, fikirlər haçalandı... Hətta telekanalların nəzdində serial çəkilişindən ötrü ayrıca studiyalar da yaradıldı. Ancaq bu studiyalardan bir nəticə çıxmadı.

Çünki ayrılan vəsaitlə daha peşəkar seriallar çəkmək mümkün idi. Heç şübhəsiz, bizdə “teleserial bazarı” deyilən bir anlayışın olmaması və telekanalların serial çəkilişində təcrübəyə yiyələnməməsi özünü burada da göstərdi.

Bir müddət sonra isə, qonşu Türkiyədən ssenaristlər, rejissorlar, aktyorlar Azərbaycandakı seriallarda iştirak etmək üçün dəvət aldılar. Bu da bir effekt vermədi və seiallar bir-bir baxımsızlıqdan sıradan çıxdılar.

Bəs, prodakşınların keyfiyyətli məhsul təqdim edə bilirmi?

“Son zamanlar prodakşnların artmasının səbəbi televiziyaların onlarla iş birliyinə maraq göstərməsindən yaranıb” deyən “MZ” prodakşının rəhbəri Üzlüfət Qasımova bunu bir sıra səbəblərlə izah edib. Onun sözlərinə görə pradakşınların çox olması faydalıdır, amma istənilən prodakşının mükəmməl məhsul hazırlaması üçün yaxşı avadanlıq lazımdır:

“Artıq bir çox kanallarda yayımlanan verilişlər sırf bu prodakşınlara sifariş olunan verlişlərdir. Televiziyalar özləri son zamanlar prodakşın məhsullarından istifadəyə daha çox yer verirlər. Əvvəllər də prodakşınların maraqlı layihələri olsa da kanallarda yayım problemləri var idi, amma indi bu problem aradan qaldırılıb”.

Ü. Qasımova qeyri-peşəkar prodakşınların özünü təsdiq etməsi üçün ən azı 2-3 il lazım olduğunu bildirib:

“Qeyri-peşakar prodakşınlara gəlincə isə onlara da peşakarlaşmağa zaman lazımdır. İstənilən yeni yaranan prodakşınlarda qeyri-peşakarlıq ola bilər. Hər şey iki tərəf arasında razılıqdan asılıdır. Kanal onun məhsulunu bəyənə də, bəyənməyə də bilər. İstənilən prodakşının peşakarlaşmağı üçün minimum 2-3 il lazımdır”.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR