Azərbaycanda zor tətbiq etməklə şəxsin köməksiz vəziyyətindən istifadə edərək cinsi əlaqədə olma ilə (zorlama) bağlı cəzaların sərtləşdirilməsi gözlənilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 149.1 və 149.2 maddələrinə dəyişikliklər müzakirəyə çıxarıla bilər. Dəyişikliyə əsasən, 149.1 maddəsində nəzərdə tutulan zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə, o cümlədən təkrar törədildikdə 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq. Sənəddə eyni əməllərin yetkinlik yaşına çatmayanlara qarşı törədilən hissəsi üçün cəzaların ayrıca olaraq daha ağır formada təsbit olunması təklifləri də üstünlük təşkil edir. Layihənin yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. Xatırladaq ki, qeyd olunan maddələrin mövcud qüvvəsinə görə, zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma 4 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə və təkrar törədildikdə isə 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.