Qusar rayonu Çiləgir kənd orta məktəbinin müəllimi Möhübbət Qüdrət oğlu Həsənov bu ilin ən yaxşı müəllimi seçilib Qusar rayonu Çiləgir kənd sakini 66 yaşlı Möhübbət Qüdrət oğlu Həsənov 40 ildir ki, elə doğulduğu kəndin məktəbində müəllim kimi fəaliyyət göstərir. Fiziki tərbiyə fənnindən dərs deyən Möhübbət müəllim müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirlər keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən müəllimlərdəndir. Bu günə kimi 17 şagirdini Azərbaycan İdman Akademiyasına yola salmağın sevincini yaşayan Möhübbət müəllim əməyinin diqqətdən kənarda qalmamasına, ilin ən yaxşı müəllimləri siyahısına düşməsinə sevinir. Möhübbət müəllim deyir ki, bu ilk dəfə deyil ki, onun əməyinə belə qiymət verilir. O, bundan əvvəl də bir dəfə ilin ən yaxşı müəllimi, bundan başqa əməkdar müəllim, fəxri bədən tərbiyəsi və idman işçisi, qabaqcıl təhsil işçisi adlarına da layiq görülüb. Müsahibimiz müəllim kimi fəaliyyət göstərməklə yanaşı, həm də orta ixtisas məktəbləri üçün yazılan bir sıra proqramların müəllifidir. Azərbaycan Respublikasında müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirlər həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən müəllimlərin həvəsləndiriləsi məqsədilə 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 100 ən yaxşı müəllim seçilir. “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazanan müəllimlərə 5.000 manat məbləğində birdəfəlik mükafat verilir.//regional.tv