Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA

Azərbaycanın ən ali ordenləri kimlərə və hansı xidmətlərinə görə verilir? - ARAŞDIRMA
SOSİAL
16:41 23.10.2026
134
Azərbaycanda dövlət və xalq qarşısında müstəsna xidmətləri olan şəxslər müxtəlif orden və medallarla təltif edilirlər. Ölkənin ən yüksək dövlət təltifləri sırasında "Heydər Əliyev”, "Zəfər” və "İstiqlal” ordenləri xüsusi yer tutur. Bu ordenlər həm hüquqi statusuna, həm də verilmə məqsədinə görə bir-birindən fərqlənir.

AZXEBER.COM xəbər verir ki, "Heydər Əliyev” ordeni Azərbaycanın ən ali dövlət təltifi hesab olunur. "Zəfər” ordeni ölkənin ərazi bütövlüyünün bərpasında və hərbi qələbənin əldə edilməsində müstəsna xidmətlərə görə, "İstiqlal” ordeni isə milli dövlətçiliyin inkişafında və xalq qarşısında görkəmli xidmətlərə görə təqdim edilir.

Maraqlıdır, bu ordenlər hansı meyarlar əsasında verilir, indiyədək neçə nəfər bu təltiflərə layiq görülüb və onların arasında hansı tanınmış şəxslər var?

"Heydər Əliyev” ordeni: 

Azərbaycanın ən ali dövlət təltifi 2005-ci il aprelin 22-də təsis edilən "Heydər Əliyev” ordeni Azərbaycanın ən yüksək dövlət təltifidir. Orden ölkənin inkişafına, beynəlxalq nüfuzunun artırılmasına, dövlət mənafelərinin qorunmasına, eləcə də Vətənin müdafiəsində göstərilən müstəsna xidmətlərə görə verilir.

Bu ordenlə Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizlə siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin inkişafında xüsusi xidmətləri olan xarici dövlət xadimləri də təltif edilə bilərlər. Azərbaycan Respublikasının Prezidenti isə statusuna görə bu ordenə layiq görülür.  "Heydər Əliyev” ordeni ilə 28 nəfər təltif edilib. 

Təltif olunanlar arasında Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Sadır Japarov və Fransanın sabiq Prezidenti Jak Şirak kimi tanınmış siyasi xadimlər var.

Azərbaycanın elm və mədəniyyət nümayəndələrindən Xalq artisti Zeynəb Xanlarova, Xalq şairi Nəriman Həsənzadə, bəstəkar Arif Məlikov, rəssam Tahir Salahov, heykəltaraş Ömər Eldarov və neftçi-alim Xoşbəxt Yusifzadə də bu ordenlə təltif olunublar.

Təltif olunanların tərkibi göstərir ki, "Heydər Əliyev” ordeni həm ölkə daxilində müstəsna xidmətlərin qiymətləndirilməsində, həm də dövlətlərarası münasibətlərdə xüsusi əhəmiyyət daşıyır.

"Zəfər” ordeni: 

2020-ci il noyabrın 26-da təsis edilən "Zəfər” ordeni Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra yaradılıb.

Orden ölkənin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunması, strateji ərazilərin işğaldan azad edilməsi və dövlət sərhədinin bərpası ilə nəticələnən döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edən hərbi komandirlərə, eləcə də ərazi bütövlüyünün təmin edilməsində xüsusi xidmətləri olan digər şəxslərə verilir. 

2020-ci il dekabrın 9-da imzalanmış sərəncamla 33 nəfər "Zəfər” ordeninə layiq görülüb. Onlardan 3 nəfər ölümündən sonra təltif edilib. 

Təltif olunanlar arasında müdafiə naziri Zakir Həsənov, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov və general-polkovnik Kərim Vəliyev kimi yüksək rütbəli şəxslər yer alır.
Vətən müharibəsində iştirak etmiş polkovnik Şükür Həmidov, polkovnik Babək Samidli və kapitan Şamil Babayev isə ölümündən sonra bu ordenlə təltif olunublar. 

"Zəfər” ordeninin əsas fərqləndirici xüsusiyyəti onun bilavasitə hərbi əməliyyatların uğurla idarə olunması və ölkənin ərazi bütövlüyünün təmin edilməsində göstərilən xidmətlərə görə təqdim olunmasıdır.

"İstiqlal” ordeni:

1993-cü il dekabrın 6-da təsis edilən "İstiqlal” ordeni Azərbaycanın ilk yüksək dövlət təltiflərindən biridir. "Heydər Əliyev” ordeni təsis edilənədək ölkənin ən ali ordeni hesab olunurdu.

Orden milli-azadlıq hərəkatında müstəsna xidmətlərə, dövlət və xalq qarşısında xüsusilə görkəmli fəaliyyətə, həmçinin milli dövlət quruculuğunda xüsusi xidmətlərə görə verilir. Bu ordenlə təltif olunanların fəaliyyət istiqamətləri olduqca genişdir. Siyahıda dövlət və siyasi xadimlərlə yanaşı, alimlər, yazıçılar, şairlər, bəstəkarlar, aktyorlar və digər incəsənət nümayəndələri də yer alır.
"İstiqlal” ordeni ilə 76 nəfər təltif olunub. 

Təltif olunanlar arasında Azərbaycanın tanınmış ədəbiyyat nümayəndələri Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Anar və Nəriman Həsənzadə var.

İncəsənət sahəsində isə Zeynəb Xanlarova, Müslüm Maqomayev, Polad Bülbüloğlu, Fidan və Xuraman Qasımovalar, Rasim Balayev, Şəfiqə Məmmədova, Fərhad Bədəlbəyli və Fərhad Xəlilov kimi tanınmış şəxslər bu ordenə layiq görülüblər.

Xarici dövlət xadimlərindən Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl, Ukraynanın sabiq Prezidenti Leonid Kuçma, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze və Rumıniyanın sabiq Prezidenti İon İliyesku da "İstiqlal” ordeni ilə təltif olunanlar sırasındadır.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR