Müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev İctimai Palatanı yalançılıqda ittiham edir.
"Əgər doğrudan da İctimai Palatada VİP üzvü varsa, onun adını çəksinlər. İctimai Palatada VİP üzvü yoxdur. Əgər olsa, həmin şəxs dərhal partiya sıralarından kənarlaşdırılacaq", - çərşənbə günü Trend-ə Əliyev bildirib.
İctimai Palatanın katibi Gülağa Aslanlı 2 aprel askiyasında saxlanılan şəxslərin məhkəməsində şahid qismində çıxış edərkən deyib ki, İctimai Palatada YAP, VİP və digər partiyaların üzvləri var.
VİP sədri əvvəl belə bir şəxsin olduğunu deyib və partiyanın qərarına əsasən, həmin şəxsin partiyadan kənarlaşdırıldığını bildirib.
"Bundan əlavə, bir neçə nəfərin cəhdi də olub, ancaq onlar İctimai Palataya üzv olmayıblar. İctimai Palataya üzv olmamaq barədə partiyanın qərarı var və həmin qərar hələ də qüvvədədir", - Əliyev vurğulayıb.
İctimai Palata adlanan qurumda əsasən müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları təmsil olunublar.