Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp videomüraciətlə çıxış edərək TRIPP layihəsinə start verdiklərini bildiriblər.
Bu barədə N.Paşinyan öz "Facebook” hesabında paylaşım edib.
O, öz videomüraciətində bildirib ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazı dəyişdirib və uzunmüddətli sülh üçün təməllər qoyub. O, həmçinin hesab edir ki, layihə Ermənistanın iqtisadi inkişafında və ölkənin xarici bazarlara çıxışında əhəmiyyətli rol oynayacaq.
ABŞ Prezidenti də öz növbəsində layihənin həyata keçirilməsinə görə Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, 44 günlük müharibə başa çatdıqdan sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması nəzərdə tutulsa da, bu, uzun müddət reallaşmadı:
"Avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə Ermənistan və ABŞ bu dəhlizin açılması ilə bağlı razılığa gəldilər. Nəhayət, bir sıra mərhələlərdən sonra artıq ərazidə fiziki işlərə başlanılıb. Bu baxımdan, baş verənlər olduqca mühüm hadisədir. Nəzərə alsaq ki, bu layihə Azərbaycanın Naxçıvanla, eləcə də Türkiyə ilə birbaşa, maneəsiz, təhlükəsiz və asanlaşdırılmış əlaqələr qurmasına imkan verəcək, onun əhəmiyyəti daha aydın görünür. Eyni zamanda, Türkiyənin Azərbaycan üzərindən Orta Asiya ilə əlaqələri də intensivləşəcək. Ermənistan da bu layihədən kifayət qədər iqtisadi və siyasi dividendlər əldə edəcək. Belə ki, gələcəkdə bu kommunikasiya xətti vasitəsilə ildə 15 milyon tona yaxın yükün daşınması nəzərdə tutulur. Azərbaycan 44 günlük müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpasına başlayıb və ilk növbədə kommunikasiya xətlərinin, yolların, körpülərin, dəmir yollarının və avtomobil yollarının çəkilişinə diqqət yetirib. Artıq Zəngəzur dəhlizi istiqamətində Azərbaycan ərazisində işlər tamamlanmaq üzrədir və gələn ilin ortalarına qədər yekunlaşacağı gözlənilir”.
Politoloq əlavə edib ki, Ermənistan tərəfindən başlanılan işlərin isə təxminən iki il ərzində başa çatdırılması mümkündür:
"Bu, Ermənistanın və ABŞ şirkətlərinin fəaliyyətindən, eləcə də onların iş qabiliyyətindən asılı olacaq. Bu baxımdan, hazırda əsas məqam Ermənistan tərəfindən də işlərə başlanıldığının bəyan edilməsidir. Ümid edirəm ki, bu bəyanat sözdə qalmayacaq. Artıq Ermənistanın Sünik vilayətinin qubernatoru da layihə ilə bağlı açıqlamalar verib. Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri qısa müddətdə, təxminən iki il ərzində yerinə yetirə bilər. Bunun üçün onun real imkanları var. Eyni zamanda, bu layihə Ermənistanın öz maraqlarına da tamamilə uyğundur. Dəhlizin fəaliyyətə başlaması ilə Ermənistanın Rusiya, Orta Asiya, İran, Hindistan və Körfəz ölkələri ilə əlaqələrində ciddi artım müşahidə olunacaq. Bundan əlavə, daşınan yüklərdən əldə ediləcək rüsumlar Ermənistan büdcəsinə külli miqdarda vəsaitin daxil olmasına şərait yaradacaq. Bu baxımdan, Ermənistan da tələsməli, işlərə mümkün qədər tez başlamalı və layihəni sürətlə yekunlaşdırmalıdır”.
Aynur Babazadə











































