Azərbaycanın uğurlu inkişafı təmin edilib

SİYASƏT
14:00 12.07.2014
982
Prezident İlham Əliyev:«Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır»«2014-cü ilin birinci yarısında Azərbaycanın uğurlu inkişafı təmin edilib. Qarşıda duran bütün məsələlər uğurla icra edilib». Bu fikri Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev səsləndirib. Dövlət başçısı qeyd edib ki, ilin sonuna qədər də bütün vəzifələr icra ediləcək, ölkəmizin dinamik uğurlu inkişafı davam edəcək. «Bizim uğurlarımızın təməlində düşünülmüş siyasət, sabitlik dayanır. İqtisadi sahədə aparılan islahatlar da mühüm yer tutur. Çünki bu islahatlar sayəsində Azərbaycanın dayanıqlı inkişafı mümkün olub» - deyə prezident vurğulayıb. Onun sözlərinə görə, bu, düşünülmüş siyasətin nəticəsidir və bizim islahatlar mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq maliyyə qurumları öz proqnozlarını müəyyən edərkən, Azərbaycanın bundan sonra da uzun illər ərzində uğurlu inkişafını qeyd edirlər.Prezident qeyd edib ki, ilin ilk yarısında ölkə iqtisadiyyat 2,1 faiz artıb. Onun sözlərinə görə, bəlkə də əvvəlki dövrlərlə müqayisədə bu, o qədər də böyük rəqəm deyil. Ancaq bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda bu, çox gözəl göstəricidir. Ən sevindirici hal ondan ibarətdir ki, son illər ərzində qeyri-neft sektorumuz uğurla artır və bu sektorda inkişaf 7 faiz səviyyəsindədir. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaq.Prezidentin ilin ilk yarısında ölkədə inflyasiyanın cəmi 1,6 faiz təşkil etməsini də böyük uğur kimi qeyd edib. Onun fikrincə, bu, çox gözəl göstəricidir: «Xüsusilə nəzərə alsaq ki, ölkəmizə bu qədər həm daxili, həm xarici investisiyalar qoyulur, maaşlar, pensiyalar ildən-ilə qaldırılır, sovet vaxtından qalmış əmanətlər kompensasiya şəklində, MDB-də ən böyük əmsalla, ən qısa müddət ərzində insanlara qaytarılıb - bütün bu amillərə baxmayaraq, inflyasiya cəmi 1,6 faizdir. Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni, inflyasiyanı 3 dəfə üstələyir. İstənilən ölkə üçün bu, ən arzu olunan balansdır. Ona görə bu amillər, iqtisadiyyatımızın əsas göstəriciləri bizə ümid verir deyək ki, biz bu templəri ilin sonuna qədər saxlayacağıq. Ümid edirəm belə də olacaqdır, ümumi daxili məhsul daha da artacaqdır».Kənd təsərrüfatında inkişaf müşahidə olunurİqtisadiyyatın ayrı-ayrı sahələrindəki duruma toxunan prezident qeyd edib ki, bu ilin əvvəlindən kənd təsərrüfatında inkişaf müşahidə olunur. Kənd təsərrüfatı təxminən 6 faiz artıb. «Ümid edirəm ki, indi aparılan islahatlar nəticəsində biz gələn illərdə daha da böyük artıma nail olacağıq» - deyə prezident vurğulayıb. O əlavə edib ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması təmin edilməlidir. Eyni zamanda, yeni əkin sahələrinin dövriyyəyə buraxılması da diqqət mərkəzində olmalıdır: «Əminəm ki, biz bu istiqamətdə uğurlu inkişafa nail olacağıq. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, belə olan halda yeni ixrac bazarlarının müəyyən edilməsi məsələsi gündəliyə düşür. Burada əlbəttə ki, ənənəvi bazarlara daha da geniş şəkildə çıxışımız təmin edilməlidir.Yeni bazarlara çıxmalıyıq, regional bazarlara çıxırıq. İndi bu istiqamətdə də işlər görülür və çalışmalıyıq ki, Avropa bazarlarına da böyük həcmdə kənd təsərrüfatı məhsulları ilə çıxa bilək. Buna nail olmaq üçün əlbəttə ki, keyfiyyət yüksək səviyyədə olmalıdır. Bu gün Azərbaycanda bu sahədə tətbiq olunan yanaşma hesab edirəm ki, keyfiyyəti də təmin edir. İndi Azərbaycanda elə məhsullar var ki, ən yüksək keyfiyyətə malikdir. Nə vaxtkı biz bu sahədə özümüzü tam şəkildə təmin edəcəyik və keyfiyyətli, rəqabətqabiliyyətli məhsullar Azərbaycanın emal sənayesində üstünlük təşkil edəcəkdir, o vaxt əminəm ki, biz Dünya Ticarət Təşkilatına da üzv olmağa hazır olacağıq. Əgər biz bunu bu gün etsək fermerlərimiz ziyan çəkəcək, məhsulumuz azalacaq, Azərbaycan bazarına xaricdən ucuz, keyfiyyətsiz mallar gələcək və beləliklə, iqtisadi inkişafımız, xüsusilə kənd təsərrüfatındakı inkişafımız lazımı səviyyədə olmayacaqdır. Ona görə, Dünya Ticarət Təşkilatına üzv olmaq üçün indi hazırlıq prosesi gedir. Bu, bizim hədəfimizdir».Azərbaycan əlində olan bu vəsaitdən çox qənaətlə istifadə edirPrezident İlham Əliyev hazırda Azərbaycanda maliyyə vəziyyətinin çox sabit olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan böyük maliyyə resurslarına malikdir: «Bu resursları biz özümüz yaratmışıq, bizə heç kim kömək etməyib. Azərbaycan xalqının istedadı və düşünülmüş siyasət nəticəsində bunu əldə etmişik. Bu gün dünya miqyasında adambaşına düşən valyuta ehtiyatlarına görə, hesab edirəm ki, Azərbaycan aparıcı, yəni, ən qabaqcıl yerlərdədir. Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək». Prezident qeyd edib ki, Azərbaycan əlində olan bu vəsaitdən çox qənaətlə istifadə edir, maliyyəni ən vacib hesab olunan sahələrə yönəldir: «Eyni zamanda, ölkə daxilinə dövlət tərəfindən qoyulan investisiyaların artırılmasına da imkan verməməliyik. Çünki bu, xoşagəlməz hallara gətirib çıxara, inflyasiyanı sürətləndirə bilər və buna ehtiyac yoxdur. Biz növbəti illərdə bu templə inkişaf etsək, hesab edirəm ki, kifayətdir.İl ərzində bizim valyuta ehtiyatlarımız artıb. Yəni, biz ildən-ilə, aydan-aya valyuta ehtiyatlarımızı artırırıq. Biz populist vədlərdən tamamilə uzağıq, heç vaxt bunu etməmişik. Ancaq praqmatik, düşünülmüş siyasət aparmışıq və bu siyasət imkan verdi ki, biz bütün çətinliklərdən şərəflə, üzüağ çıxa bildik.Dünyanı bürümüş iqtisadi, maliyyə böhranı Azərbaycan əhalisinə, iqtisadiyyatına bir faiz də təsir etməyib». Prezident deyib ki, bu gün Azərbaycan öz investisiya portfelini şaxələndirir - həm sahələr üzrə, həm də xaricdə qoyulan investisiyaların coğrafiyası genişlənir.6 ayda 65 min yeni iş yeri açılıbDövlət başçısı bu il üçüncü regional inkişaf proqramı qəbul edildiyini xatırladıb. Qeyd edib ki, bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılıb ki, onlardan 52 mini daimidir. 2003-cü ildən bu günə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra isə 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan da təqribən 1 milyonu daimidir: «Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılıb, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək».Kənd yollarının təmiri diqqət mərkəzində olacaqPrezident qeyd edib ki, kənd yollarının təmiri diqqət mərkəzində olmalıdır: «Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər».Dövlət başçısı regionların qazlaşdırılması ilə bağlı da tapşırıqlarını verib. O qeyd edib ki, bu il bu proses bir qədər ləng gedir: «Əvvəlki illərdə daha sürətlə gedirdi və biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır. Dövlət büdcəsində də vəsait nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə, bu məsələ nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, “Azəriqaz” bu işləri daha da sürətlə aparmalıdır».TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək
OXŞAR XƏBƏRLƏR