Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və
Azərbaycan Tələbələr və Məzunlar Platforması Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket
hücumu nəticəsində dinc əhalinin, o cümlədən 7 yaşlı Aysunun qətlə yetirilməsi ilə bağlı ATƏT,
BMT, UNİCEF kimi təşkilatlara müraciətlər ünvanlamışlar.
AZXEBER.COM xəbər verir ki, müraciətlərdə Ermənistan ordusunun bu ölkənin siyasi-hərbi rəhbərliyinin birbaşa göstərişi ilə
Bərdə şəhərini "Smerç” sistemindən raket atəşinə tutması nəticəsində 4 nəfər mülki şəxsin, o
cümlədən 7 yaşlı Aysunun qətlə yetirilməsi və 13 nəfər şəxsin ağır yaralanması pislənilir.
Bildirilir ki, Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə
razılaşdırılmış atəşkəsi ölkəmizin cəbhədən kənar yerləşən şəhərlərini raket atəşinə tutaraq, günahsız
şəxsləri, o cümlədən uşaqları qətlə yetirməklə pozması ənənə halını almışdır.
Qeyd edilib ki, ilk iki
atəşkəs razılaşmasının Ermənistan tərəfindən pozulması Gəncəyə ballistik raketlə vurulan zərbələr
nəticəsində onlarla dinc insanın, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi və yaralanması ilə
nəticələnmişdir. Bərdəyə hücumun isə bu sırada üçüncü belə atəşkəs pozulması olduğu diqqətə
çatdırılmış, bu hücumların Ermənistan rəhbərliyinin çirkin və insanlıq qanunlarından uzaq
mahiyyətini, bu dövlətin beynəlxalq razılaşmalara, beynəlxalq hüquqa etinasızlığını bir daha ortaya
qoyduğu vurğulanmışdır.
Müraciətlərin sonunda dünya ictimaiyyəti Ermənistanı bu terror hərəkətlərinə görə qəti şəkildə
pisləməyə, törətdiyi müharibə cinayətlərinə görə bu ölkəni məsuliyyətə cəlb etməyə, eləcə də
bölgədə sülhün bərqərar edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb
etməyə çağırılır.