Azərbaycanın peşə təhsili sahəsində yetişən gənc mütəxəssisləri növbəti dəfə beynəlxalq arenada uğura imza atıblar.
AZXEBER.COM xəbər verir ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Elektronika ustası" ixtisası üzrə məzunu Əli Məmmədov və Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin "Dronların texniki xidməti və təmiri üzrə mütəxəssis" ixtisasında təhsil alan Rauf Mirzəyev Çin Xalq Respublikasında keçirilən beynəlxalq yarışda Azərbaycanı uğurla təmsil ediblər.
30 iyun–4 iyul 2026-cı il tarixlərində Çinin Quançjou şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində təşkil olunan Bacarıqlar üzrə Yarışda iştirak edən təmsilçilərimiz "Pilotsuz uçuş aparatlarının yığılması, sazlanması və texniki xidməti" (UAV Assembly, Adjustment and Maintenance) kateqoriyası üzrə III yerə layiq görülüblər.
34 üzv və müşahidəçi dövləti bir araya gətirən yarışın məqsədi iştirakçı ölkələr arasında bacarıqların inkişafını, texniki əməkdaşlığı və təcrübə mübadiləsini təşviq etməklə qarşılıqlı etimadın və insanlararası əlaqələrin gücləndirilməsidir.
Qazanılan uğur Azərbaycan peşə təhsilinin inkişafının, gənclərin yüksək peşə hazırlığının və innovativ texnologiyalar sahəsində formalaşdırdıqları bacarıqların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirib.











































