Sosial şəbəkələrdə qadınlara pul müqabilində yumurta hüceyrəsi donoru olmaq təklif edilən video yayılıb.
AZXEBER.COM xəbər verir ki, görüntülərdə bir qadın süni mayalanma mərkəzi üçün 18-30 yaş aralığında donorların axtarıldığını bildirir.
"Xanımlar, ödəniş qarşılığında süni mayalanma mərkəzimizdə follikul donorları tələb olunur. Yaş həddi 18-dən 30 yaşa kimidir, ödəniş 700 manata qədərdir”, - deyə qadın videoda qeyd edir.
Məsələ Azərbaycanda yumurta hüceyrəsi donorluğunun qanunvericilik baxımından necə tənzimlənməsi ilə bağlı suallar yaradıb.
AZXEBER.COM mövzu ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda follikul (yumurta hüceyrəsi) donorluğunu tənzimləyən xüsusi qanunvericilik mövcud deyil.
"Hazırda Azərbaycanda follikul (yumurta hüceyrəsi) donorluğunu tənzimləyən xüsusi qanunvericilik mövcud deyil. Ölkədə orqan və toxumaların transplantasiyası ilə bağlı ümumi hüquqi çərçivə olsa da, bu normativ sənədlərdə follikul donorluğuna dair konkret müddəalar əksini tapmayıb.
Bu proses hüquqi baxımdan qeyri-müəyyən vəziyyətdə olduğundan, belə hallarla qarşılaşan şəxslərin mütləq şəkildə hüquqi məsləhət alması tövsiyə olunur”, - deyə nazirlikdən bildirilib.
Məsələnin digər tərəfi isə sosial şəbəkələrdə bu cür reklam xarakterli məzmunun yayımlanmasının qanunvericiliyə uyğunluğudur.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, süni mayalanma üzrə tibbi xidmətlərin reklamı qanunla qadağandır:
"”Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinə əsasən, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətlərin reklamı qadağandır.
Həmçinin süni mayalanma üzrə tibbi xidmətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 oktyabr tarixli 414 nömrəli Qərarı ilə təsdiq edilmiş "Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxildir.
İnzibati Xətalar Məcəlləsinə əsasən, reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə müvafiq məsuliyyət tədbirləri müəyyən edilib (İXM-in 428.10-cu maddəsi).
Reklam qanunvericiliyinin (açıq məkanda reklam istisna olmaqla) pozulması halları ilə üzləşən istehlakçılar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər”.
Fəridə Əsədzadə











































