Yazmaq istəyirdim, ancaq heç kim razı olmurdu bu haqda danışmağa. Sübutsuz, dəlilsiz nəsə yazmaq olmurdu. Nəhayət bir nəfər adını açıqlamamaq şərti müqabiliində bu həyatı danışmağa razı oldu.
Bir “lez” futbolçunun həyatını özündən dinləyək.
- Necə oldu bu yolu seçdin?
- Bir nəfərin vasitəsi ilə.
- Təfərrüatı ilə danış.
-Sosial şəbəkədə tanış olmuşduq, yazışırdıq. Adi söhbət edirdik. Günün demək olar yarısından da çoxunu yazışmaqla keçirirdik. Sanki bir oğlanla danışırmışam kimi öyrəşmişdim ona. Bir müddət ancaq yazışdıq. Bir gün mənə etiraf etdi ki, bəs mən normal qızlar kimi deyiləm, “lez”əm. Mən isə normal yanaşdım. Əslində belə münasibətə pis baxmırdım. Ona isə elə bağlanmışdım ki, itirmək istəmirdim. Və elə qəbul etdim onu.
- Bəs görüşmürdüz?
- Görüşdük. Mənə maraqlı idi onu görmək. İlk dəfə görüşəndə içimdə qəribə bir hiss vardı. Oğlanla münasibətim olub. Ancaq bu qızı görəndə sanki axtardığımı tapdığımı düşünürdüm.
- Nə vaxt olub bunlar?
- 3-4 il əvvəl.
- İndi həmin qızla münasibətin davam edir?
- Yox. Tamamı ilə ayrıldıq. Düzdür bu illər ərzində çox küsüb barışırdıq. Amma daha biryolluq ayrıldıq.
- Ancaq o qızla münasibətin olub?
- Çox qızla münasibətim olub. Elə onun da, mənim də. Elə olurdu o başqasıyla münasibət qururdu, məndən ayrılıb gedirdi. Ancaq bir müddət keçdikdən sonra qayıdırdı. Mən də qəbul edirdim. Elə də olub ki, mən ona belə etmişəm. Qayıdanda o da məni qəbul edib.
- Başqa qızla münasibət qurduğuna görə, demək sən də artıq sırf o həyatı seçmişdin?
- Məndə əvvəldən qəribə bir maraq vardı. Qadın bədəni məni cəlb edirdi. Oğlanla münasibətim olub, ancaq bu hissləri yaşamırdım. Amma qızla tamam başqadı.
- Nədi bu, xəstəlikdir sizdə? Mən bilə bu hormonal pozğunluqdan irəli gəlir. Həkimə getmisən?
- Yox, bu bizdə sadəcə maraqdı. Yenilik yaşamaq istəyirsən. Həvəsə düşürsən, maraqdı sadəcə.
- Adi oğlan-qız münasibətindən fərqi nədir?
- Bir nəfər oğlan rolun oynayır, digəri isə “femka” olur. Amma intim münasibətdə fərqlidir. Passiv, aktiv və universal olanlar olur. Passiv “femka”lar olur, aktiv kişi funksiyasını yerinə yetirənlər. Ancaq universal olanlarda eyni olur.
- Sizin münasibət hansından idi?
- Bu qızla, mən passiv, o aktiv idi. Ancaq ondan sonra universal olanla münasibət qurmuşam. Amma heç vaxt aktiv olmaq istəməmişəm.
- Digər münasibət qurduqlarına özün yaxınlaşmısan, yoxsa o sənə yaxınlaşıb?
- Bilirsən necədi “tema”lar (“tema” “lez”lər və “gey”lər aralasında deyilən ifadə, bir növ parol kimi) aləmində hər kəs bir–birini tanıyır. Çox vaxt yığıncaqlarda, klublarda toplanırıq. Mənə də yaxınlaşan olub, mən də kiməsə yaxınlaşmışam. Hər kəs bir-biri ilə ünsiyyətdə olur, kim daha çox anlaşa bilirsə, münasibət irəliləyir.
- Cütlüklər tez-tez dəyişir, yoxsa uzun müddətli olur?
- Özlərindən asılıdır. Elələri var ki illərlə birlikdə olublar, elələri varki tez tez qız deyişir. Necə kişilərdə "şorgöz" olanları var, burda da belə. (gülür)
- Münasibətin əsas təməli nədir, sevgi yoxsa ehtiras?
- Başqalarının adından nəsə deyə bilmərəm. Amma mən sevmişdim. İlk dəfə ondan ayrılanda intihar belə edəcəkdim.
- Bəs sonra necə oldu?
- Həmin vaxtlar biriylə rəfiqə idim, o məni həyata bağladı, get-gedə münasibətimiz irəlilədi.
- Deyirsən ilk dəfə ayrılanda olub bu hadisələr, əvvəldə isə demişdin ki, ilk dəfə münasibət qurduğun qızla dəfələrlə ayrılıb-barışmısız. Demək əvvəlki qız qayıdanda ikincidən ayrıldın?
- O, eşidəndə çox qısqanmışdı. Bir az keçməmiş qayıtdı və məni yenidən qazanmağa çalışdı. Mən də qayıtdım ona.
- Digər qız necə qəbul etdi bunu?
- İlk vaxtlar incimişdi, ancaq sonradan o da başqasıyla münasibət qurdu.
- Dedin qısqanmışdı səni. Nə anlamda - paxıllıq, yoxsa sevgi münasibəti?
- Əlbəttə ki, sevgidən irəli gələn qısqanclıq. O, deyirdi ki, mən səni başqasıyla təsəvvür edə bilmirəm. Hətta "tema" olmayan tanış qızlara belə qısqanırdı məni. Kiminsə evinə getməyə, görüşməyə, gəzməyə icazə vermirdi.
- Bəs oğlana qarşı qısqanclıq olurdu?
- "Tema" olduğumuz üçün o barədə güvən vardı ki, oğlan olmur həyatımızda.
- Sən tamamı ilə uzaqlaşmışdın oğlanlardan? Hansısa oğlan sənə sevgi etiraf edəndə nə deyirdin? Heç bir oğlan marağına səbəb olmurdu?
- Xeyr, heç oğlanlara baxmırdım. Kimsə deyəndə təklifi qəbul etmirdim.
- Bəs gələcək, ailə həyatı, ana olmaq haqda düşünmürsüz?
- Açığı, mənim yaşım hələ az olduğu üçün bu haqda düşünmürəm. Amma elə "tema"lar var ki, formal evlilik edirlər.
- O necə olur?
- "Lez" qızla "gey" oğlan öz aralarında anlaşırlar, ailələri evli olduqlarını görsün deyə formal evlənirlər. Ancaq aralarında heç bir münasibət olmur, hər kəs öz həyatını davam etdirir.
- Elə oğlanları neçə tapırlar?
- Tanışlar vasitəsi ilə. "Tema" qız və oğlanlar çoxu tanıyır bir-birini. Həm də sırf bu işə baxan bir yer var. Ora müraciət edirlər "tema" qız və oğlanlar. Onlar seçirlər, tanış edirlər, görüşdürürlər. Yəni bu yolla da mümkündür.
- Nə yerdi ki o elə?
- Ofisləri var “İçəri şəhər”də. Ancaq tam yer, ad deyə bilmərəm. Düzgün olmaz.
- Yaxşı, deyək ki, bu yolla ailə qurdular sırf camatın və ailələrinin "gözünə torpaq" üfürmək üçün. Bəs hər kəs uşaq da gözləyəcək axı. Əsas da ailələr.
- Süni mayalanma yolu ilə. Elələri var ki, hətta sonradan normal ailəyə çevrilirlər.
- Nəyə lazımdır axı bu qədər həngamə?
- Hər kəsin öz seçimidir. Kimsə qarışa bilməz.
- Nə vaxtsa bu yolu tutduğun üçün peşman olmusan? Həm bizim milli mentalitetə uyğun deyil, həm dində günah olduğunu bilirsən də yəqin.
- Əlbəttə, bilirəm. Olub peşman olduğum, hətta utandığım vaxtlar olub.
- Ailən bilir?
- Ancaq bacım bilir.
- Bəs digərlərində?
- Ana-ata əlbəttə bilmir. Ancaq bəzilərində bacısı, gəlinləri bilir.
- Necə ildi futbolla məşğul olursan?
- Bir neçə il olar.
- Neçə oldu gəldin futbola?
- Həmin qızın vasitəsi ilə.
- O da futbolçu idi?
- Bəli. Ancaq indi oynamır. A milli komnadanın vaxtında oynayanlardan idi.
- Futbolda belələri çoxdur?
- Mən futbolda və xokkeydə olanları tanıyıram.
- Millidə var?
- A milli komandanın vaxtından indiyə kimi nə komandalar varsa, heyətlərində var elələri.
- Çoxdur?
- Guya bilmirsən də kimlərdir?! (gülür).
P.S: Kimlər olduğunu bilirəm, ancaq qız olduqlarını, ailə və gələcəklərin nəzərə alaraq kimliklərinı açıqlaya bilmədim.
Roya Kərimli, sportal.az