«Azəriqaz»dan verilən məlumata görə, Sabunçu rayonunun Zabrat qəsəbəsinin bəzi yerlərində (Oktyabr, Vaqif, Ruhulla Axundov və s. küçələrdə) qaz təchizatı ilə bağlı yaranan problemlər buradakı 325 mm-lik qaz kəmərinin ləğv olunaraq yenisi ilə əvəz edilməsi ilə bağlıdır. «Bununla əlaqədar olaraq Zabrat-1 qazpaylayıcı stansiyasından qidalanan orta təzyiqli qaz kəmərində qaz təchizatı dayandırılır. Zabrat qəsəbələrinin əsas hissəsində fasilələr bununla bağlıdır». İB-dən bildirilib ki, artıq bu işlər yekunlaşır və yaxın günlərdə qaz təchizatı qaydaya salınacaq.
«Azəriqaz»dan həmçinin bildirilib ki, paytaxtın Xətai rayonunda, «Həzi Aslanov» metro stansiyası yaxınlığında yaşayış binalarının qaz təchizatı ilə bağlı problemlər isə texniki məsələlərlə bağlıdır: «Hazırda bəzi xətlərdə texniki problemlər var. Hazırda Xətai rayon Qaz İstismarı Sahəsinin əməkdaşları bununla məşğuldurlar. Yaxın vaxtlarda bu problem də həll olunacaq».
Paytaxtın bəzi ərazilərində qazın təzyiqinin aşağı olması ilə bağlı şikayətlərə gəlincə, «Azəriqaz» rəsmisi bildirib ki, qaydaya əsasən, əhali abunəçilərinə qaz 0,5 atm təzyiqlə verilməlidir və bu normaya riayət olunur: «Mənzillərdə quraşdırılan qaz cihazlarının normal işləməsi üçün onlara verilən qazın təzyiqi minimum 160-180 mm su sütunu qədər olmalıdır. Əhaliyə verilən qazın təzyiqi isə 500 mm su sütunu qədərdir. Yəni, təbii qazın təzyiqi ölkədə istismar olunan bütün qaz cihazlarının işi üçün kifayət edir. Əgər hansısa cihaz işləmirsə, ola bilər hansısa cihazın texniki problemləri var və ya ona hansısa müdaxilə edilib».
İB-dən bildirilib ki, son günlər Azərbaycanda havaların soyuq keçməsi ilə əlaqədar olaraq Bakıya verilən qazın gündəlik həcmi 13,5 mln. kubmetr, regionlarda isə 9,5 mln. kubmetrə çatdırılıb: «Sabah havanın istiləşməsi gözlənilsə də, sabah da bu rejim qalacaq. Verilən qazın həcmini bundan da yuxarı qaldırmağa imkan var. Anbarlarda kifayət qədər qazımız var».
Bundan başqa, bayram ərəfəsində qaz istismarı sahələri gücləndirilmiş iş rejiminə keçib.
apa