Birliyin mətbuat xidmətindən verilən məlumata görə, “İrəli” İctimai Birliyi ölkə daxilində bu kampaniyaya təşkilatçılıq hüququnu əldə edib. Kampaniyanın Azərbaycan üzrə koordinatoru və “İrəli” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev təyin edilib. Azərbaycanın bir neçə bölgəsini əhatə edəcək aksiyaya matın 26-da Bakıda İrəli Gəncik Mərkəzində start veriləcək. Bir neçə hissədən ibarət olacaq tədbir təlim, şəhər oyunu və ekoloji aksiyalardan sonra iştirakçılar Qız Qalası ətrafında toplaşaraq Bakının simvolu olan abidənin işıqlarını 1 saatlıq söndürəcəklər.
Məlumatda o qeyd olunub ki, “Earth Hour” aksiyası ilk dəfə 2007-ci ildə Avstraliyanın Sidney şəhərində təşkil olunub. Bu aksiya zamanı 2 milyondan çox şəhər sakini və 2 mindən artıq təşkilat qlobal iqlim dəyişikliyi ilə mübarizə və təbiətin qorunmasına dəstək nümayişi olaraq bir saatlıq elektrik enerjisindən istifadəni dayandırıblar. Bundan sonra kampaniya ənənəvi olaraq hər il dünyanın müxtəlif ölkələrində keçirilməyə başlanılıb. 2010-cu ildən 128 ölkədə keçirilən aksiya rekord sayda tərəfdaş toplayaraq dünyanın ən böyük ekoloji kampaniyasına çevrilib.