Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin digər özəl ali təhsil müəssisələrinə köçürülməsi planlaşdırılır.
AZXEBER.COM xəbər verir ki, universitetin fəaliyyətinin dayandırılması nəzərə alınaraq, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu aparılmayacaq.
Hazırda universitetdə təhsil alan 1568 tələbədən 1513-ü bakalavriatın 11 ixtisası, 55-i isə magistraturanın 2 ixtisası üzrə təhsil alır.
Bildirilib ki, tələbələrin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları bal, ixtisasları, təhsil səviyyələri, təhsilalma formaları, tədris ili, təhsil dili, dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almaları, eləcə də digər meyarlar nəzərə alınmaqla onların Bakıda fəaliyyət göstərən digər özəl ali təhsil müəssisələrində təhsillərini davam etdirmələri məqsədilə köçürülməsi planlaşdırılır.











































