Ötən gün axşam saatlarında Bakı-Quba-Rusiya avtomobil yolunun 108-ci km-də, Siyəzən şəhəri ərazisində yol qəzası baş verib.
AZXEBER.COM-un məlumata görə, Bakı istiqamətində hərəkətdə olan 10 UV 039 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 2 nəfər yaralanıb.
Sürücü 24 yaşlı, Siyəzən rayon Tağay kənd sakini Nicat Əhmədov və sərnişin, onun həmkəndlisi 25 yaşlı Xəyyam Ağayarov müxtəlif dərəcəli xəsarətləri alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə gətiriliblər.
Xəyyam Ağayarovun vəziyyəti ağır olduğu üçün o, ilkin yardımdan sonra paytaxtda yerləşən xəstəxanalardan birinə aparılıb. Nicat Əhmədov isə ambulator qaydada müalicəyə buraxılıb. Yaxınlarının bildirdiklərinə görə, o, avtomobilini 1 həftə öncə alıb. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Hazırda fakt araşdırılır.