Bakıda 41 qanunsuz zibilxana aşkarlandı

Bakıda 41 qanunsuz zibilxana aşkarlandı
Bütün Xəbərlər
13:26 07.09.2012
1044
İqtisadi İnkişaf Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində layihəyə cəlb edilmiş beynəlxalq məsləhətçi şirkət və “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri tərəfindən Bakının 8 rayonunda hər birinin sahəsi 200 kv. metrdən çox olan 41 qeyri-qanuni tullantı sahəsi müəyyənləşdirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aparılan hesablamalara əsasən, Suraxanı, Səbail, Sabunçu, Binəqədi, Yasamal, Xəzər, Xətai və Qaradağ rayonlarında 160 hektara yaxın sahəni əhatə edən bu tullantı sahələrində 450 min tondan çox tullantı cəmlənib.
Bu ilin avqust ayından başlayaraq qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi ilə bağlı hazırlıq işləri görülüb, tullantı sahələrinə baxış keçirilib, müvafiq İş Planı tərtib olunub.
Artıq qeyri-qanuni tullantı sahələrinin yığışdırılması və “Təmiz Şəhər” ASC tərəfindən zərərsizləşdirilməsi məqsədilə tullantıların Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonuna daşınmasına başlanıb. Qaradağ rayonunun Sahil qəsəbəsi yaxınlığındakı qeyri-qanuni tullantı sahəsinin təmizlənməsi nəticəsində 20 min ton tullantının Balaxanı poliqonuna daşınması təmin edilib. Yaxın zamanlarda digər daha bir ərazidə - Xəzər rayonunda da qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi işlərinə başlanılacaq.
OXŞAR XƏBƏRLƏR