Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür - Video

Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür - Video
SOSİAL
01:12 17.11.2026
34
Bakının Bakıxanov qəsəbəsində yerləşən Gülüstan parkında yüzlərlə ağac quruyub, ərazi isə zibilliyə çevrilib. Ağacların qurumasının yanğın, qəsdən yandırılma, yoxsa başqa səbəblərlə bağlı olduğu hələlik məlum deyil.

AZXEBER.COM Baku TV-yə istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Ramiz Qəmbərov küçəsində yerləşən Gülüstan parkına gələnlər xoşagəlməz mənzərə ilə qarşılaşırlar.

İddialara görə, son vaxtlar ətrafdakı fərdi yaşayış evlərinin, çoxmənzilli binaların və restoranların kanalizasiya suları parkın ərazisinə axıdılır. Nəticədə burada dözülməz vəziyyət yaranıb.
 
Bildirilir ki, təxminən 50-60 illik tarixə malik parkda bu problem son aylarda müşahidə olunmağa başlayıb. Ərazidə müxtəlif növ ağaclar quruyaraq məhv olur. Bəzi ağacların isə yanğın nəticəsində zədələndiyi və ya qəsdən yandırıldığı ehtimal edilir.

Böyük yaşıllıq sahəsinin bu vəziyyətə düşməsi sakinlərin ciddi narahatlığına səbəb olub. Ətrafda yaşayanlar və digər ərazilərdən parka gələn vətəndaşlar hesab edirlər ki, təcili tədbirlər görülməsə, yaxın gələcəkdə parkdakı ağacların hamısı məhv ola bilər.

Sakinlərdən biri mövcud vəziyyətlə bağlı bunları deyib:

"Bu parka bir əncam çəkilsin. Heyifdir bu ağaclar. Burada antisanitariya hökm sürür. Kanalizasiya suları xəstəlik mənbəyidir. Yay aylarında burada yanğın baş vermişdi və ağaclar yanmağa başlamışdı. Minlərlə ağac quruma təhlükəsi ilə üz-üzədir".

Digər sakin isə parkın məişət və tikinti tullantıları ilə çirkləndirildiyini bildirib:

"Bu tullantıları, yəqin ki, ev və villa sahibləri atırlar. Onlarla bağlı tədbir görülsün ki, zibilləri parka töküb ərazini məhv etməsinlər. Vətəndaş zibili yerə atanda buna görə cərimə nəzərdə tutulubsa, bu qədər tullantının parka atılmasına görə də cərimələr tətbiq edilməlidir. Ciddi cərimələr olsa, heç kim belə hərəkət etməz".

Digər sakin də əraziyə iri həcmdə tikinti tullantılarının daşındığını iddia edib:

"Çoxmərtəbəli villalardan tonlarla daş və digər tullantılar maşınlarla buraya gətirilərək tökülür. Göstəriş versinlər, gəlib onlarla bağlı tədbir görsünlər ki, zibillərini parklara tökməsinlər".
 

OXŞAR XƏBƏRLƏR