İranın "Tasnim" agentliyi Fransada supermarketlərin soyuducu avadanlıqlarına qarşı həyata keçirilən kiberhücumun arxasında İsrailin dayandığını iddia edib.
Agentlik bu qənaətə texniki qrupun apardığı təhlil əsasında gəlib.
"Soyuduculara və soyuducu anbarlara qarşı kiberhücum hadisəsini xüsusi olaraq araşdıran texniki qrup mühüm məlumatlar əldə edib. Bu məlumatlar hadisənin arxasında, ehtimal ki, İsrailin dayandığını göstərir. İsrail eyni zamanda media kampaniyası vasitəsilə günahı İranın üzərinə atmağa çalışır", - deyə agentlik qeyd edib.
"Tasnim"in məlumatına görə, hücuma Danimarkanın "Danfoss" şirkətinin köhnəlmiş kontrollerləri məruz qalıb. Bu avadanlıqlar təhlükəsizlik yeniləmələri almır və birbaşa internetə qoşulub. Onların əksəriyyətində administrator parolunu cari tarix əsasında müəyyən etmək mümkün olub.
Agentlik iddia edir ki, avadanlıqlardakı məlum təhlükəsizlik boşluqları dövlət strukturlarının iştirakı olmadan da genişmiqyaslı hücuma imkan verib. Bu boşluqlardan birlikdə istifadə üsulu daha əvvəl İsrailin kibertəhlükəsizlik şirkəti "Claroty" tərəfindən açıq şəkildə nümayiş etdirilib.
"Tasnim" hadisədən əvvəl "Claroty"nin Fransa kibertəhlükəsizlik qurumlarını bu problem barədə niyə xəbərdar etmədiyini də sual edib.
Qeyd edək ki, noyabrın 9-da Fransa oktyabr ayında supermarketlərin soyuducu avadanlıqlarına qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumda İranı ittiham edib. Paris hücumun İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qruplaşma tərəfindən törədildiyini bildirib. İran Xarici İşlər Nazirliyi isə bu ittihamları rədd edib.
///oxu.az











































