Mayın 19-da “Euroclub”da “Eurovision-2012” mahnı müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.
Mahnı müsabiqəsinin iştirakçıları əvvəlcə ənənəvi olaraq fanatların alqışları altında qırmızı xalı üzərindən keçərək zala daxil olublar.Açılış mərasimi atəşfəşanlıqla müşayiət olunub. Rəsmi açılışda “Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsinin rəhbəri Yan Ola Sand müsabiqə iştirakçılarına uğurlar arzulayıb. Sonra birinci olaraq “Eurovision-2011” müsabiqəsinin qalibləri Eldar və Nigar “Running scare” mahnısını ifa ediblər. Səhnəyə, həmçinin müsabiqənin norveçli qalibi Aleksandr Rıbak çıxıb.Gecədə müsabiqə iştirakçıları, məşhur diceylər konsert proqramları ilə çıxış ediblər. Müxtəlif ölkələrin təmsilçiləri öz repertuarlarından mahnılar səsləndiriblər.Rəsmi açılış mərasimində nümayəndə heyətlərinin üzvləri, fanatlar və akkreditasiyadan keçmiş jurnalistlər iştirak ediblər. “Eurovision-2012”-nin rəsmi açılışının keçirildiyi Bakı İdman Sarayında yerləşən “Euroclub” müsabiqə iştirakçıları üçün yaradılan xüsusi bir məkandır.